"Fitch" SOCAR-ın reytinqini stabil proqnozlu "BBB-" səviyyəsində təsdiqləyib

Maliyyə Xəbər 15 Sentyabr 2026 09:32 (UTC +04:00)
"Fitch" SOCAR-ın reytinqini stabil proqnozlu "BBB-" səviyyəsində təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib.

“Fitch” qeyd edir ki, SOCAR tamamilə dövlətə məxsusdur. Buna görə agentliyin dövlətlə əlaqəli qurumlar üçün müəyyən etdiyi meyarlara uyğun olaraq şirkətin reytinqi Azərbaycanın “BBB-” səviyyəsində olan suveren reytinqinə bərabərləşdirilib və reytinq üzrə proqnoz “Stabil”dir.

“Reytinqlərin bu şəkildə tarazlaşdırılması SOCAR-a dövlət dəstəyi, o cümlədən maliyyə zəmanətləri, pul vəsaitləri şəklində ödənişlər və kapital qoyuluşları, habelə şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin həyata keçirilməsi üçün dövlət aləti kimi əhəmiyyəti ilə şərtlənir. Agentlik borc yükü göstəricilərinin yaxşılaşması sayəsində SOCAR-ın müstəqil kredit profilini (SCP) “bb-”dən “bb” səviyyəsinə yüksəldib. Bununla yanaşı, şirkətin müstəqil profili neft və qaz hasilatının orta miqyasını, inteqrasiya olunmuş biznes modelini, güclü maliyyə profilini və korporativ idarəetmə sahəsindəki məhdudiyyətləri əks etdirir”, – deyə hesabatda bildirilir.

“Fitch” həmçinin Azərbaycan hökumətinin SOCAR-ın əməliyyat fəaliyyətinə, maliyyə nəticələrinə və strateji qərarlarına əhəmiyyətli nəzarət etdiyini qeyd edir ki, bu da dövlət nəzarətinin yüksək səviyyədə olduğunu göstərir.

SOCAR-ın məlumatına görə, 2025-ci ilin sonunda Cənub Qaz Dəhlizinin (CQD) konsolidasiyasından sonra dövlət zəmanətləri şirkətin borcunun 25 faizini əhatə edib. Tarixən bu göstərici əhəmiyyətli dərəcədə aşağı olub – 2023-cü ilin sonunda 4 faiz təşkil edib. “Fitch” hesab edir ki, CQD-nin avroistiqrazların ödənilməsindən sonra bu pay təxminən 12 faizə qədər azalıb.

“Bununla belə, karbohidrogenlərin əlverişli qiymətləri SOCAR-ın müstəqil kredit profilinin dayanıqlığını qoruyub saxlayır və bu, şirkətin dövlət dəstəyinə dərhal ehtiyacını azaldır. Eyni zamanda, “Fitch” hesab edir ki, zərurət yarandığı təqdirdə hökumət SOCAR-a birbaşa dəstək göstərəcək”, – deyə reytinq agentliyinin analitikləri qeyd ediblər.

“Fitch” SOCAR-ın neft-qaz məhsullarının istehsalçısı və satıcısı kimi, həmçinin Azərbaycan və onun enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan, o cümlədən Cənub Qaz Dəhlizi kimi iri enerji layihələrinin iştirakçısı kimi ölkə iqtisadiyyatında mühüm rolunu vurğulayır.

“Bundan əlavə, SOCAR bir sıra neft-qaz müştərək müəssisələrində paylara sahibdir və karbohidrogen hasilatı üçün mühüm əhəmiyyət daşıyan layihələrdə dövlətin maraqlarını təmsil edir. SOCAR Azərbaycanda ən iri işəgötürən və vergi ödəyicisi olmaqla yanaşı, ölkənin neft-qaz sənayesinin inkişafı üçün əsas dövlət alətidir”, – deyə hesabatda bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti