Orta Dəhliz çexiyalı ixracatçılar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir - nazirlik (ÖZƏL)

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 08:30 (UTC +04:00)
Orta Dəhliz çexiyalı ixracatçılar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir - nazirlik (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çexiyalı ixracatçılar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Bu barədə Çexiyanın Nəqliyyat Nazirliyinin nümayəndəsi Trend-ə bildirib.

“Çexiyanın Nəqliyyat Nazirliyi TBNM-i çexiyalı ixracatçılar, logistika operatorları və nəqliyyat sektoru şirkətləri üçün getdikcə daha böyük əhəmiyyət qazanan istiqamət kimi qiymətləndirir”, - deyə nazirlikdən bildirilib.

Nazirlik qeyd edib ki, mövcud şəraitdə Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutları və dayanıqlı təchizat zəncirləri ticarət və enerji axınlarının möhkəmləndirilməsi və şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu baxımdan Qazaxıstan böyük regional nəqliyyat-logistika qovşağı kimi oynadığı rolu nəzərə alınmaqla əsas tərəfdaşdır”, - deyə qurumdan bildirilib.

Qeyd olunub ki, söhbət, xüsusilə, yükdaşımalar üçün daha birbaşa dəmir yolu marşrutlarının inkişaf etdirilməsi imkanından, Çexiyanın Asiya ilə Avropa arasında yük axınları üçün logistika qovşağı kimi potensial rolundan, o cümlədən multimodal nəqliyyat terminalları və rəqəmsal xidmətlərdən, həmçinin çex şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində həyata keçirilən layihələrdə, o cümlədən Aİ-nin “Global Gateway” təşəbbüsü və digər Aİ proqramları çərçivəsində iştirakından gedir.

Nazirlikdən bildirilib ki, Çexiyanın nəqliyyat naziri İvan Bednarjikin 2026-cı il oktyabrın 11–16-da Mərkəzi Asiyaya planlaşdırılan daha geniş biznes və elmi missiya çərçivəsində Qazaxıstana səfəri gözlənilir.

“Bir sıra iddialı infrastruktur layihələrinin həyata keçirildiyini nəzərə alaraq, hesab edirik ki, missiya çərçivəsində nəqliyyat siyasəti sahəsində təcrübə və bilik mübadiləsi üçün əlavə imkanları araşdırmaq mümkün olardı”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən və Asiyanı Avropa ilə birləşdirən multimodal nəqliyyat-ticarət marşrutudur. Marşrut Çindən başlayır və Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərək Avropaya çıxır.

Xatırladaq ki, ötən gün Qazaxıstanda Moyıntı–Kızıljər dəmir yolu xəttində relslərin birləşdirilməsi işləri başa çatdırılıb. Uzunluğu 323,3 kilometr olan yeni dəmir yolu xətti Ulıtau və Qaraqanda vilayətlərinin ərazisindən keçəcək. İstismara verildikdən sonra onun Orta Dəhlizin mühüm həlqələrindən birinə çevriləcəyi gözlənilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Kommunikasiyalar Direktoratının nümayəndələri daha əvvəl Trend-ə bildiriblər ki, Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

“İnfrastrukturu təkmilləşdirməklə, sərhəd prosedurlarını sadələşdirməklə və regional əməkdaşlığı dərinləşdirməklə Qazaxıstan daha səmərəli, dayanıqlı və etibarlı ticarət marşrutlarının yaradılmasına töhfə verə, eyni zamanda Avrasiyanın əsas logistika qovşağı kimi mövqeyini gücləndirə bilər”, - deyə OECD-dən qeyd edilib.

Asiya İnkişaf Bankının (AİB) Qazaxıstandakı nümayəndəliyinin ölkə direktoru Utsav Kumar Trend-ə eksklüziv müsahibəsində bildirib ki, AİB Qazaxıstanda Orta Dəhliz çərçivəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.

Kumar qeyd edib ki, 2026-cı ilin martında Qazaxıstan hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2026–2029-cu illərdə ümumi dəyəri təxminən 5,4 milyard dollar olan 15 perspektiv layihənin həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

“Hazırda Orta Dəhliz çərçivəsində həm avtomobil yolları, həm də dəmir yolu sektorlarında layihələrlə bağlı müzakirələr aparırıq”, - deyə ölkə direktoru vurğulayıb.

Öz növbəsində, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Jasurbek Çoriyev Trend-ə şərhində beynəlxalq inkişaf banklarının Orta Dəhlizin inkişafına gələcəkdə də investisiya yatırmağa hazır olduğunu bildirib.

“Onlar başa düşürlər ki, Orta Dəhlizə bu gün diqqət yetirilməsə, sabah onun imkanlarından istifadə etmək üçün yenə də inkişafına qayıtmaq lazım gələcək. Buna görə də onlar gələcəkdə də investisiya yatıracaqlar”, - deyə Çoriyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti