Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin inkişafı yeni bir reallıq formalaşdırır ki, bu da iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu proses gələcəkdə enerji sektoru da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Energetika Nazirliyindən bildirilib.
"Azərbaycan tərəfi enerji sahəsində mümkün əməkdaşlığı qarşılıqlı maraqlar, kommersiya səmərəliliyi, texniki imkanlar və regional enerji təhlükəsizliyinin təmin olunması prinsipləri əsasında nəzərdən keçirməyə hazırdır.
Qeyd etmək lazımdır ki, iki ölkə arasında iqtisadi əlaqələr artıq praktiki müstəvidə inkişaf etməkdədir. Belə ki, indiyədək Azərbaycandan Ermənistana təxminən 16 min ton dizel yanacağı və 5 min ton benzin ixrac olunub", - məlumatda bildirilib.
Vurğulanıb ki, regional bağlantılar kontekstində Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir:
"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər ərazilərini birləşdirəcək bu marşrut təkcə nəqliyyat əlaqələrini bərpa etməklə kifayətlənməyəcək, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən strateji arteriyaya çevriləcək. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşma çərçivəsində TRIPP layihəsinin icrasına start verilib. Dəhlizin işə düşməsi regionun iqtisadi inteqrasiyasına, o cümlədən enerji ötürülməsinə yeni imkanlar aça bilər".
Qeyd edilib ki, Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri ölkəni regional enerji mərkəzinə çevirmək, elektrik enerjisi və təbii qazın müxtəlif bazarlara çıxarılması imkanlarını genişləndirməkdir.
"Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regional bağlantıların bərpası ölkənin enerji infrastrukturunun daha geniş regional sistemlərə inteqrasiyası üçün əlavə perspektivlər yarada bilər", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı ticarətin həcminin artırılması üzərində çalışır.
"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq", - dövlət başçısı bildirib.
Əlavə edək ki, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Eyni zamanda Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.
