Bakı. Trend:
Dərs ilinin hər bir şagird üçün uğurlu və məhsuldar keçməsinin əsas psixoloji açarı ailədə formalaşan sağlam emosional mühitdir.
Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramında Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov səsləndirib.
Onun sözlərinə görə, uşaq özünü təhlükəsiz, qəbul olunmuş və dəstəklənmiş hiss etmədikdə, onun öyrənmə motivasiyası sabit və davamlı ola bilməz:
"Ailədəki münasibətlər uşağın daxili dünyasının təməlini təşkil edir. Bu təməl zəif olduqda, məktəbdə əldə olunan nəticələr də dayanıqlı olmur. Bununla yanaşı, valideynlərin məktəblə sağlam və etibarlı əməkdaşlıq qurması uşağın inkişafına vahid yanaşma formalaşdırır. Uşaq görür ki, onun ətrafındakı böyüklər rəqabət deyil, əməkdaşlıq şəraitində hərəkət edirlər. Bu isə onda məsuliyyət, inam və sabitlik hissini gücləndirir. Belə mühitdə böyüyən uşaq üçün təhsil yalnız öhdəlik deyil, həm də özünü reallaşdırma prosesinə çevrilir".
Klinik psixoloq, psixoterapevt bildirib ki, dərs ilinin uğuru yalnız yüksək qiymətlərlə ölçülməməlidir:
"Əsl uğur uşağın məktəbə maraqla getməsi, sual verməkdən çəkinməməsi, çətinlik qarşısında ümidsizliyə qapılmaması və öyrənmə prosesindən zövq ala bilməsidir. Bu xüsusiyyətlər isə ilk növbədə evdə formalaşan emosional təhlükəsizlik hissindən qaynaqlanır. Özünü güvəndə hiss edən uşaq beyninin müdafiə rejimindən çıxaraq öyrənməyə, araşdırmağa və yaradıcı düşünməyə daha açıq olur".
R.Nəcəfov qeyd edib ki, valideynlərin uşağa verə biləcəyi ən güclü mesajlardan biri "Sənə inanırıq və bu yolda yanında olacağıq" fikridir:
"Bu yanaşma uşağın üzərindəki performans təzyiqini azaldır və məsuliyyət hissinin qorxu üzərindən deyil, daxili motivasiya əsasında formalaşmasına imkan yaradır. Belə olduqda məktəb yalnız bilik qazanılan məkan deyil, uşağın öz potensialını kəşf etdiyi, emosional və sosial baxımdan inkişaf etdiyi təhlükəsiz mühitə çevrilir".