Bakı. Trend:
Ötən gecə Hörmüz boğazının qərbində ABŞ-yə məxsus “MQ 1” pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bu, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumatında öz əksini tapıb.
Bildirilir ki, sözügedən PUA SEPAH-ın Aeronavtika qüvvələrinin yeni sistemi ilə vurulub.
Əlavə edək ki, SEPAH bundan öncə də Hörmüz boğazının cənub hissəsində qadağan olunmuş ərazidən keçmək istəyən super neft tankerinin dəniz minasına toxunması nəticəsində partladığını bildirib.
İran tərəfi ötən gün də Hörmüz boğazında ABŞ-yə məxsus 1 ədəd "MQ 1" PUA-nın vurulduğunu bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
