Bakı. Trend:
2026-cı ilin ilk altı ayında Azərbaycanın cari əməliyyatlar balansının müsbət saldosu (profisiti) 4,7 milyard dollar və ya ÜDM-in 12,4 faizini təşkil edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə artıb.
“Bu, makroiqtisadi sabitlik baxımından müsbət amildir”, - deyə Samir Nəsirov bildirib.
O qeyd edib ki, cari əməliyyatlar balansının formalaşmasında əsas müsbət töhfə neft-qaz sektorunun payına düşüb. Belə ki, bu sektorda cari əməliyyatlar balansının müsbət saldosu təxminən 24 faiz artaraq 9 milyard dollara çatıb.
“Qeyri-neft sektorunda isə cari əməliyyatlar balansının kəsiri 4,3 milyard dollar təşkil edib”, - AMB rəsmisi əlavə edib.
Samir Nəsirovun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında kapital və maliyyə hərəkəti balansında 3 milyard dollar kəsir qeydə alınıb.
“Bu kəsirin əsas səbəblərindən biri xarici maliyyə aktivlərinin 3,3 milyard dollar artması, digər səbəb isə xarici maliyyə öhdəliklərinin təxminən 300 milyon dollar artmasıdır”, - deyə o vurğulayıb.
AMB rəsmisi bildirib ki, tədiyə balansının digər mühüm komponenti olan ehtiyat aktivlərinin reallaşmış hissəsi hesabat dövründə 1,4 milyard dollar artıb. Onun sözlərinə görə, bu göstəriciyə məzənnə fərqi və qiymətləndirmə təsirləri daxil edilmir və hesablamalar BPM6 metodologiyasına uyğun aparılır.
Samir Nəsirov qeyd edib ki, 2026-cı ilin ilk altı ayının yekunlarına əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 700 milyon dollar artaraq 85,8 milyard dollara çatıb.
“İlin səkkiz ayının yekunlarına görə isə strateji valyuta ehtiyatları 90,8 milyard dollar təşkil edib”, - deyə o bildirib.
Nəsirov qeyd edib ki, tədiyə balansı ölkənin makroiqtisadi vəziyyətinin qiymətləndirilməsi və makroiqtisadi diaqnostikanın aparılması baxımından ən mühüm göstəricilərdən biridir. Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Azərbaycanın tədiyə balansına qlobal əmtəə, xidmət və maliyyə bazarlarında baş verən qiymət dəyişiklikləri birbaşa təsir göstərib.
