Bakıda "Azərbaycan-Özbəkistan biznes barometri" təşəbbüsünün təqdimatı keçirilir (FOTO)

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 11:34 (UTC +04:00)
Bakıda "Azərbaycan-Özbəkistan biznes barometri" təşəbbüsünün təqdimatı keçirilir (FOTO)
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda CASPIA Analitik Mərkəzinin Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzi (CPR) ilə birgə həyata keçirdiyi “Azərbaycan-Özbəkistan biznes barometri” təşəbbüsünün təqdimatı keçirilir.

Trend-in müxbirinin verdiyi məlumata görə, platforma biznesin ehtiyaclarını hər ay izləyəcək, mövcud maneələri müəyyənləşdirəcək və Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müəyyən edəcək.

Təqdimatda iki ölkə arasında ekspert və tətbiqi əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycanda səfərdə olan CPR rəhbəri Mirşohid Aslanov iştirak edir.

Biznes barometri şirkətlərlə müsahibələr, biznes nümayəndələri arasında sorğular və müvafiq məlumatların təhlili əsasında hər ay yenilənəcək.

Monitorinq zamanı şirkətlərin Azərbaycan və Özbəkistan bazarlarına çıxış zamanı qarşılaşdıqları praktiki məsələlərə, o cümlədən ixrac-idxal prosedurlarına, gömrük rəsmiləşdirilməsinə, tarif güzəştlərinə, sənədləşmə tələblərinə, sertifikatlaşdırmaya, həmçinin texniki və sanitariya standartlarına xüsusi diqqət yetiriləcək.

Monitorinqin ayrıca istiqaməti Orta Dəhlizə və onun Azərbaycanla Özbəkistan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsindəki roluna həsr olunacaq. Biznes barometri çərçivəsində nəqliyyat infrastrukturu, logistika imkanları, yeni marşrutlar və onların biznes tərəfindən istifadə perspektivləri təhlil ediləcək.

Aylıq monitorinqin nəticələri əsasında CASPIA və CPR iki ölkənin biznes nümayəndələri və dövlət qurumları üçün konkret tövsiyələr hazırlamaq niyyətindədir.

Təşəbbüs Azərbaycan və Özbəkistanın biznes icmaları arasında daimi informasiya mübadiləsi mexanizmi yaratmağa, yeni tərəfdaşlıqların, investisiya layihələrinin və ticari-logistika imkanlarının inkişafına töhfə verməyə yönəlib.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti