Bakı. Trend:
2026-cı ilin ilk altı ayında Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələri çərçivəsində xidmətlərin ümumi həcmi 9,2 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Məlumata görə, xidmətlərin 5,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, 4,1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilib.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1,2 faiz azalaraq 1 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının, əsasən tikinti və digər işgüzar xidmətlərin təsiri ilə, kəsiri 1 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 66,5 milyon dollar təşkil edib.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,5 faizi nəqliyyat xidmətləri üzrə əməliyyatların payına düşüb.
Ümumi dəyəri 2,6 milyard dollar olan nəqliyyat xidmətlərinin 67,8 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlı olub.
Hesabat dövründə Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 1,8 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri isə 0,8 milyard dollar təşkil edib.
Qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb, idxalı isə 1,7 faiz azalıb.
Nəticədə, nəqliyyat xidmətləri üzrə profisit 9,9 faiz artaraq 941,1 milyon dollara çatıb. 2025-ci ilin ilk altı ayında bu göstərici 856,4 milyon dollar olub.
Mərkəzi Bank qeyd edib ki, bu dinamika nəqliyyat xidmətlərinin xidmətlər balansına müsbət təsir göstərən dayanıqlı maddəyə çevrildiyini göstərir.
