Bakı.Trend:
Azərbaycanla Özbəkistan arasında ticarət potensialı artıq iki ölkənin müəyyən etdiyi 1 milyard dollar həddini aşır. Lakin bu potensialın reallaşdırılması üçün bizneslər arasında daha sıx əməkdaşlıq və informasiya maneələrinin aradan qaldırılması tələb olunur.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzinin (CPR) rəhbəri Mirşohid Aslanov “Azərbaycan-Özbəkistan biznes barometri” təşəbbüsünün təqdimatı zamanı deyib.
Aslanov bildirib ki, CPR və CASPIA Analitik Mərkəzinin birgə apardığı təhlil qarşılıqlı ticarətin daha da artırılması üçün əhəmiyyətli imkanların olduğunu göstərib.
Onun sözlərinə görə, məhz bu imkanların müəyyənləşdirilməsi və reallaşdırılması məqsədilə CPR və CASPIA “Azərbaycan-Özbəkistan biznes barometri”ni hazırlamaqdadır.
Aslanov qeyd edib ki, son onillikdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. “Cəmi 10 il əvvəl ticarət dövriyyəsi 10-15 milyon dolları keçmirdi”, – deyə o bildirib.
Hazırda ümumi göstərici təxminən 800 milyon dollara çatır. Bunun 300 milyon dolları əsas ticarətin, 508 milyon dolları isə qiymətli metallar ticarətinin payına düşür.
Bununla belə, qarşılıqlı ticarətin potensialı mövcud göstəricilərdən xeyli yüksəkdir. Təqdim olunan təhlilə əsasən, Özbəkistan Azərbaycana ixracını təxminən 500 milyon dollar, Azərbaycan isə Özbəkistana ixracını əlavə olaraq 650 milyon dollardan çox artıra bilər.
“Ümumilikdə ticarət dövriyyəsinin 1 milyard dolları asanlıqla keçə biləcəyini düşünürük”, – deyə Aslanov bildirib.
Onun sözlərinə görə, əsas problemlərdən biri iki ölkənin bazarlarında mövcud imkanlar barədə biznes subyektlərinin kifayət qədər məlumatlı olmamasıdır.
Yeni təşəbbüs çərçivəsində idxalçı və ixracatçıların potensial məhsullar, tərəfdaşlar, bazarlar və ticarət şərtləri barədə məlumat əldə etməsinə imkan verəcək ekosistemin yaradılması planlaşdırılır.
Aslanov vurğulayıb ki, xüsusi diqqət kiçik və orta biznesə yönəldilməlidir, çünki iri şirkətlər artıq qarşılıqlı iqtisadi əlaqələrdə fəal şəkildə təmsil olunurlar.
