Bakı. Trend:
Azərbaycan və Qazaxıstanın məhkəmə ekspertizası mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Azərbaycan Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, Qazaxıstan Respublikasının Astana şəhərində
məhkəmə ekspertizası sisteminin yaradılmasının 75 illiyinə həsr
olunmuş “Məhkəmə ekspertizası ədalət mühakiməsi sistemində:
çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik
konfrans çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzi ilə Qazaxıstan Respublikası Ədliyyə
Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.
Memorandum iki ölkənin məhkəmə ekspertizası qurumları arasında
əməkdaşlığın daha da möhkəmləndirilməsinə, elmi və peşəkar təcrübə
mübadiləsinin genişləndirilməsinə, habelə yüksək ixtisaslı ekspert
kadrlarının hazırlanmasına xidmət edir.
Əməkdaşlıq çərçivəsində, həmçinin birgə seminar, konfrans və digər elmi tədbirlərin keçirilməsi, elmi və elmi-metodiki işlərin dərc edilməsi, qarşılıqlı məsləhət və praktiki yardımın göstərilməsi, elmi tədqiqatların nəticələrinin məhkəmə ekspertizası təcrübəsində və kadr hazırlığı prosesində tətbiqi nəzərdə tutulur.
Məlumata görə, Anlaşma Memorandumunun imzalanması Azərbaycan və Qazaxıstanın məhkəmə ekspertizası qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və birgə elmi-praktiki təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.
