Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək

Cəmiyyət Sənəd 15 Sentyabr 2026 14:03 (UTC +04:00)
Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək, həmin sahədə xidmət keçmənin hüquqi əsasları təkmilləşdiriləcək.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Xüsusi rütbələrin verilməsi qaydası

Qanun layihəsinə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar tibb xidmətində vəzifəyə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr veriləcək.

Ehtiyatda olan zabitlər tibb xidmətində vəzifəyə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə biləcək.

Tibb xidmətinin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunacaqlar. Tibb xidmətinə qəbul edilmiş əməkdaşlar hərbi qeydiyyatdan çıxarılacaq və Ədliyyə Nazirliyində xüsusi qeydiyyata götürüləcəklər.

Tibb xidməti işçilərinin tibbi təminatı

Layihəyə əsasən, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, müəssisələrin penitensiar tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər.

Tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, "”Hərbi qulluqçuların statusu haqqında” Qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənəcək.

Geyim forması

Həmçinin, layihədə bildirilib ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə dövlət icra məmurları xüsusi geyim forması ilə təmin olunacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti