Bakı. Trend:
Azərbaycan və Türkiyə çoxtərəfli platformalarda əməkdaşlıq və koordinasiya məsələlərini, o cümlədən Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdakı zirvə toplantısına hazırlığı müzakirə edib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı çoxtərəfli platformalarda Azərbaycan-Türkiyə əməkdaşlığı və koordinasiyası barədə geniş müzakirələr aparılıb.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı və onun qurumları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, D8, ATƏT və bir sıra digər platformalarda iki ölkənin əməkdaşlığı xüsusi önəm kəsb edir.
C.Bayramov xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın müzakirə edildiyini qeyd edib.
“Bilirsiniz ki, gələn ay Türkiyədə Türk Dövlətləri Təşkilatının növbəti zirvəsi keçiriləcəkdir və zirvəyə hazırlıq kontekstində bugün faydalı müzakirələrimiz oldu”, - deyə nazir bildirib.
O vurğulayıb ki, TDT həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.
“Bu qardaş ölkələri birləşdirən, demək olarsa, bir ailə məclisi, ailə təşkilatıdır və burada həmrəyliyin daha da gücləndirilməsi və əlaqələndirmənin daha da mükəmməl olması Azərbaycan və Türkiyə üçün hər zaman xüsusi önəm kəsb edir”, - deyə C.Bayramov əlavə edib.
