Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir - Nazir

Siyasət Xəbər 15 Sentyabr 2026 14:24 (UTC +04:00)
Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında münasibətlər dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasında təmaslar müntəzəm həyata keçirilir və tərəflər daim bir-biri ilə əlaqədədirlər.

“Biz müntəzəm olaraq daim bir-birimizlə əlaqədəyik. Hər zaman beynəlxalq təşkilatlar kontekstində görüşərkən o fürsətdən istifadə edirik və bugün də Hakan Fidanın Azərbaycanda olmasını çox gözəl bir fürsət kimi qeyd edirik”, - deyə C.Bayramov bildirib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən bu iki ölkə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlərin mövcud olduğu hesab edilir.

C.Bayramovun sözlərinə görə, iki ölkə liderlərinin baxışlarını əks etdirən Şuşa Bəyannaməsində həyatın, ölkələrin, xalqların və millətlərin inkişafı və tərəqqisi üçün elə bir sahə yoxdur ki, xüsusi olaraq qeyd edilməsin və iki ölkənin əməkdaşlığı kontekstində ona diqqət yetirilməsin.

Nazir bildirib ki, son dövrdə Azərbaycan və Türkiyə prezidentləri arasında qarşılıqlı səfərlərin intensivliyi də iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərir.

“Misal üçün, 2025-ci ili və 2026-cı ilin ilk səkkiz ayını nəzərdən keçirsək, dördü Azərbaycan Prezidentinin Türkiyəyə, dördü Türkiyə Prezidentinin Azərbaycana olmaqla, ümumilikdə artıq səkkiz səfər baş verib”, - deyə C.Bayramov qeyd edib.

O əlavə edib ki, bu, öz-özlüyündə Azərbaycan-Türkiyə təmaslarının və münasibətlərinin ali səviyyədə olmasının bariz nümunəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti