Bakı. Trend:
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda 15 gündən çox müvəqqəti olduqda onların qeydiyyatı aparılacaq.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
Yuxarıda göstərilən şəxslərin qeydiyyatı həyata keçirilərkən həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycan Respublikasında statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək.
Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək.
Yuxarıda göstərilən şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Rəsmi səfər vizası Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.
