Bakı. Trend:
Rusiya-Ukrayna müharibəsinin daha da genişlənməsinin və daha çox fəlakətə səbəb olmasının qarşısını almaq üçün müharibə dayanmalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, müharibənin başlanmasından dörd il yarım keçməsinə baxmayaraq, Türkiyənin mövqeyi dəyişməyib.
“Bu, başlanmamalı olan, genişlənməməli olan və dərhal dayandırılmalı olan müharibədir”, – deyə H.Fidan vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyə Prezidentinin ortaya qoyduğu iradənin diplomatik yollarla həyata keçirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. O qeyd edib ki, Türkiyə hər iki tərəflə münasibətlərindən istifadə edərək illər ərzində taxıl sazişinin əldə olunmasına, demək olar ki, imzalanma mərhələsinə çatmış İstanbul Sülh Sazişinin mətninin hazırlanmasına və əsir mübadiləsi fəaliyyətlərinə töhfə verib.
H.Fidan bildirib ki, tərəflərin İstanbulda və Türkiyənin digər şəhərlərində ictimaiyyətə açıq və qapalı şəkildə bir araya gətirilməsi istiqamətində də intensiv fəaliyyətlər həyata keçirilib.
“Tərəflərlə danışdıq, müvafiq aktorlarla danışdıq. Bu fəaliyyətlərimiz davam edir”, – deyə o əlavə edib.
Nazir vurğulayıb ki, müharibənin davam etməsi yalnız regiona deyil, dünya iqtisadiyyatına da böyük zərər vurur.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da ötən günlərdə dizel yanacağının qiymətindəki artımın əsasən Rusiya-Ukrayna müharibəsindən qaynaqlandığını bildirib. H.Fidan qeyd edib ki, bu baxımdan enerji infrastrukturunun hədəfə alınmaması ilə bağlı tərəflər arasında anlaşmanın əldə olunması, moratorium elan edilməsi və ya bunun istisna tutulması ilə bağlı tələb irəli sürülüb.
“Birləşmiş Millətlər Təşkilatı, Amerika Birləşmiş Ştatları, biz və daha bir neçə dövlət səmimi şəkildə əllərindən gələn səyləri göstərirlər. Türkiyə bu aktorlar arasında ən başından etibarən bu mövqeni ortaya qoyan yeganə aktordur”, – deyə H.Fidan bildirib.
O qeyd edib ki, Türkiyə hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir və məsələləri ictimaiyyətə açıqlamadan, pərdəarxası diplomatik səylərlə yetişdirməyə çalışır.
Nazirin sözlərinə görə, hazırda xüsusilə Qara dənizi prioritetləşdirən fəaliyyətlər davam etdirilir, tərəflərlə bu məsələ üzrə danışıqlar aparılır, təkliflər irəli sürülür və tərəflərin cavabları alınır.
“Bu cavabların uzlaşdırılması və onların üzərində anlaşma qurula biləcək vəziyyətə gətirilməsi üçün də çalışırıq”, – deyə o vurğulayıb.
H.Fidan bildirib ki, son bir ildə müharibə tükətmə müharibəsindən məhvetmə müharibəsinə çevrilib və artıq hədəfə alınmayan demək olar ki, heç bir yer qalmayıb.
Onun sözlərinə görə, kütləvi yaşayış məntəqələrinin qəsdən hədəfə alınması istisna olmaqla, kommersiya obyektləri, infrastruktur və üstqurum obyektləri də hədəfə alınır, mülki itkilər isə getdikcə artır.
“Biz bu mənzərənin hara gedəcəyini, təəssüf ki, müharibə aparmağı bilən bir millət olaraq ən başından demişdik. Getdikcə bu eskalasiya olacaq. Coğrafi, metodoloji və hədəflər baxımından təəssüf ki, gəldiyimiz nöqtə budur”, – deyə Türkiyənin XİN rəhbəri bildirib.
O qeyd edib ki, müharibənin daha geniş yayılmasının və daha çox fəlakətə səbəb olmasının qarşısını almaq üçün onun dayandırılması lazımdır.
H.Fidanın sözlərinə görə, tərəflər də dörd il yarım davam edən müharibədən sonra psixoloji və şüur baxımından bu nöqtəyə daha da yaxınlaşıblar.
“Bizim kimi vasitəçilərin uyğun, effektiv formulları, cümlələri və üsulları taparaq tərəfləri müəyyən bir məqamda razılaşmağa inandırması lazımdır”, – deyə o bildirib.
Nazir xəbərdarlıq edib ki, müharibənin davam etməsi enerji qiymətlərinə, ərzaq təhlükəsizliyinə və ətraf mühitə təsir etməklə yanaşı, onun daha da genişlənməsi riskini artırır.
O bildirib ki, zaman-zaman yalnız Qara dənizdə deyil, digər Avropa ölkələrində də müharibənin həmin ərazilərə sıçrama ehtimalı ilə bağlı fikirlər səsləndirilir.
“Bunu nəinki dilə gətirmək, hətta düşünmək belə istəmirik. Müharibənin coğrafi baxımdan genişlənməsi görmək istədiyimiz ən son şeydir”, – deyə H.Fidan vurğulayıb.
O əlavə edib ki, Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirir və müharibənin dayandırılması mövqeyini ifadə etməyə davam edəcək.
H.Fidan bu mövqenin getdikcə daha geniş dəstək qazandığını görməkdən məmnunluq ifadə edib və müharibənin ən qısa müddətdə dayandırılacağına ümid etdiyini bildirib.
