Azərbaycan və Özbəkistan birgə təchizat zəncirləri yarada bilər – Mirşohid Aslanov

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 15:50 (UTC +04:00)
Azərbaycan və Özbəkistan birgə təchizat zəncirləri yarada bilər – Mirşohid Aslanov
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Özbəkistan qarşılıqlı ticarətin genişləndirilməsindən üçüncü ölkələrin bazarlarına yönəlmiş birgə istehsal zəncirlərinin yaradılmasına keçə bilər.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzinin (CPR) rəhbəri Mirşohid Aslanov Bakıda “Azərbaycan-Özbəkistan biznes barometri” təşəbbüsünün təqdimatı zamanı deyib,

Onun sözlərinə görə, Özbəkistanın sənaye potensialı ilə Azərbaycanın tranzit imkanlarının birləşdirilməsi birgə istehsalın təşkilinə və daha iri beynəlxalq bazarlara çıxışa şərait yaradır.

“Yaxın gələcəkdə birgə istehsal etdiyimiz məhsulları premium bazarlara çıxara bilərik”, - deyə Aslanov bildirib.

O qeyd edib ki, sənayenin gələcək inkişafı üçün iki ölkə ixtisaslaşmanı dərinləşdirməli və əlavə dəyərin yaradılması üzrə birgə zəncirlər formalaşdırmalıdır.

Onun sözlərinə görə, modellərdən biri ayrı-ayrı ölkələrdəki müəssisələrin son məhsulun istehsalında istifadə olunacaq konkret komponentlərin hazırlanması üzrə ixtisaslaşması ola bilər.

Aslanov bu cür əməkdaşlığa daha geniş formatda, o cümlədən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri və Mərkəzi Asiya dövlətlərini əhatə etməklə yanaşmağı təklif edib.

O bildirib ki, ayrı-ayrı ölkələrin geniş çeşiddə məhsul istehsalında Çinlə rəqabət aparması çətindir. Bununla belə, regional ixtisaslaşma istehsalın səmərəliliyini artıra bilər.

Bununla yanaşı, onun sözlərinə görə, belə zəncirlərin inkişafı üçün ölkələrin istehsal imkanları barədə təfsilatlı məlumatlara çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır.

O, yalnız hazır məhsulların deyil, həmçinin komponentlərin, xammalın, materialların və ayrı-ayrı istehsal proseslərinin də öyrənilməsinin vacibliyini vurğulayıb. Aslanovun sözlərinə görə, bu məlumatların daha dərindən təhlili ölkələrin hansı məhsul növlərini birgə istehsal edə biləcəyini və birgə ixrac üçün hansı bazarların hədəf seçilə biləcəyini müəyyənləşdirməyə imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti