Bakı.Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyədə fəaliyyət gösətrən STAR Neft Emalı Zavodu (NEZ) 2026-cı ilin iyul ayında bir sıra əsas neft məhsullarının istehsalını artırıb.
Trend-in Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatları əsasında apardığı hesablamalara görə, zavod iyul ayında 564 277 ton dizel yanacağı istehsal edib ki, bu da 2025-ci ilin eyni ayının göstəricisi ilə (556 181 ton) müqayisədə 1,5 faiz çoxdur.
Nafta istehsalı illik ifadədə 12,1 faiz artaraq 134 892 tondan 151 215 tona çatıb. Neft koksunun istehsalı isə 27 faiz artaraq 54 668 tondan 69 446 tona yüksəlib.
Mayeləşdirilməyən neft emalı qazının istehsalı da 8,8 faiz artaraq 2025-ci ilin iyul ayındakı 42 596 tondan 46 327 tona çatıb.
Bununla yanaşı, aviasiya yanacağının istehsalı illik müqayisədə 17,8 faiz azalaraq 165 654 tondan 136 244 tona düşüb. Mayeləşdirilmiş neft qazının (LPG) istehsalı isə 14,5 faiz azalaraq 26 617 tondan 22 770 tona enib.
Bundan əlavə, STAR 2026-cı ilin iyul ayında 34 986 ton biodizel tərkibli dizel yanacağı və 5 156 ton ağır vakuum qazoylu istehsal edib. EPDK-nın 2025-ci ilin iyul ayı üzrə təqdim etdiyi məlumatlarda müvafiq kateqoriyalar yer almayıb.
Qeyd edək ki, STAR NEZ 2018-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Müəssisə Türkiyənin ən iri sənaye investisiya layihələrindən biridir və neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir. Zavod SOCAR-ın regionda neft məhsullarının emalı və satışı sahəsində fəaliyyətində mühüm rol oynayır.
