Azərbaycan səkkiz ayda elektrik enerjisi ixracından 16 milyon dollardan çox gəlir əldə edib

Energetika Xəbər 15 Sentyabr 2026 16:14 (UTC +04:00)
Azərbaycan səkkiz ayda elektrik enerjisi ixracından 16 milyon dollardan çox gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda16,629 milyon ABŞ dolları dəyərində 319,040 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı dəyər ifadəsində 36,105 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcm ifadəsində isə 600,885 milyon kilovat-saat və ya 2,9 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,26 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən isə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 15 milyard 172 milyon kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

Məlumata görə, bu göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 467,5 milyon kVt/saat və ya 3% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 14 milyard 735 milyon kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 375 milyon kVt/saat və ya 2,5% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-iyul aylarında 2084,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 383,9 milyon manat təşkil edib.

Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.

"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək. "Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti