Sumqayıt. Trend:
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85 faizdən çox olacağı gözlənilir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu barədə "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində SOCAR-ın Etilen-Polietilen zavoduna mediatur zamanı məlumat verilib.
Bildirilib ki, müəssisə 2025-ci ildə istehsal gücündən 86 faiz istifadə edib. 2026-cı ildə isə bu göstəricinin 85 faizdən yüksək olması planlaşdırılır.
Məlumata görə, "Azərkimya" İB ekoloji istiqamətdə də bir sıra layihələr həyata keçirir. Müəssisənin əsas hədəflərindən biri istehsal prosesində atmosferə atılan karbon qazının (CO₂) tutulması və təkrar xammal kimi istifadəsidir. Tutulan CO₂-nin xammala ehtiyacı olan karbamid zavoduna yönəldilməsi nəzərdə tutulur.
Bildirilib ki, normal əməliyyat rejimində məşəl sistemində yalnız texnoloji təhlükəsizlik üçün zəruri qazlar yandırılır. Atmosferə qaz emissiyaları xüsusi monitorinq sistemləri vasitəsilə izlənilir.
Həmçinin qeyd olunub ki, "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen (HDPE) qurğularında texnoloji proses zamanı ayrılan təsirsiz püskürmə qazlarının təkrar istifadəsi təmin edilir.
Belə ki, "Azərkimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometr uzunluğunda boru xətti vasitəsilə həmin qazlar geri qəbul edilərək yenidən istehsalata yönəldilir.
Məlumata əsasən, müəssisənin satış və marketinq fəaliyyətini SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi həyata keçirir. Məhsulların qiymətləri isə dünya bazarındakı konyunktura və tələbatdan asılı olaraq formalaşır.
