Bakı. Trend:
Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir.
Bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
