Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına investisiyalarını 18%-dək artırıb

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 17:10 (UTC +04:00)
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına investisiyalarını 18%-dək artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk 6 ayında Asiya İnkişaf Bankının (AİB) Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 4,037 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 609 min ABŞ dolları və ya 17,8 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində AİB-dən reallaşan investisiyaların payı 0,1 faiz təşkil edib.

2025-ci ilin ilk 6 ayında Asiya İnkişaf Bankından Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 3,428 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın AİB-ə üzv olduğu vaxtdan etibarən bankla əməkdaşlıq çərçivəsində 160 layihənin maliyyələşdirilməsinə ümumilikdə 5,6 milyard dollar vəsait ayrılıb.

Azərbaycan ilə AİB arasında tərəfdaşlıq nəqliyyat, enerji, su təchizatı və özəl sektorun inkişafı sahələrini əhatə edir. Son illərdə əsas prioritetlər regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin inkişafı və yaşıl enerjinin təşviqi istiqamətində cəmlənib.

AİB Orta Dəhliz boyunca nəqliyyat, ticarət və enerji sektorlarında inteqrasiyanın daha da dərinləşdirilməsini planlaşdırır. Xüsusilə, bank Orta Dəhlizə uyğun gələn CAREC 2-ci dəhlizinin sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, ticarətin rəqəmsallaşdırılması və logistika infrastrukturunun inkişafına yönəlmiş inteqrasiya olunmuş iqtisadi dəhlizə çevrilməsi üzrə strategiya üzərində çalışır.

AİB Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə birlikdə “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını dəstəkləyir. Layihə Mərkəzi Asiyadan Azərbaycana, daha sonra isə Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı elektrik kabeli vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti