Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar - Umud Mirzəyev

Siyasət Xəbər 15 Sentyabr 2026 16:41 (UTC +04:00)
Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar - Umud Mirzəyev
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Cenevrədə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED) 31-ci sessiyası çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti kifayət qədər məhsuldar və nəticəyönümlü olub.

Bu fikirləri Trend-ə açıqlamasında Cenevrədə keçirilən sessiyada iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib.

O qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən nümayəndə heyəti sentyabrın 14-də sessiyanın açılışında, vətəndaş cəmiyyəti təşkilatları üçün təşkil edilmiş xüsusi brifinqdə, eləcə də Ermənistanın ikinci dövri hesabatının Komitədə müzakirəsi zamanı və müzakirələrdən sonra keçirilən görüşlərdə fəal iştirak edib.

“BAMF-ın prezidenti olaraq mən, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və BAMF-ın nümayəndəsi John Ayomide gün ərzində keçirilən tədbir və müzakirələrdə iştirak etdik. Xüsusi brifinq zamanı Sahib Məmmədov və mən Komitə üzvlərinin diqqətini Azərbaycan vətəndaş cəmiyyətinin alternativ hesabatlarında əksini tapmış əsas məsələlərə yönəltdik, onların suallarını cavablandırdıq. Daha sonra John Ayomide Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları adından hazırladığımız birgə bəyanatı səsləndirdi”, - deyə Umud Mirzəyev bildirib.

Birgə bəyanat Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən təqdim olunub. Sessiyada iştirak etməməsinə baxmayaraq, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi də birgə bəyanata qoşulub.

BAMF prezidenti vurğulayıb ki, Azərbaycan QHT-lərinin Cenevrəyə səfərinin ən mühüm nəticələrindən biri onların təqdim etdiyi faktların, qaldırdığı məsələlərin və sualların Komitənin Ermənistanın ikinci dövri hesabatına baxışı zamanı öz əksini tapması olub.

“Bizim üçün əsas məqsəd yalnız mövqeyimizi ifadə etmək deyildi. Məqsədimiz onilliklərdir taleyi naməlum qalan azərbaycanlılarla bağlı konkret faktların BMT-nin müvafiq mexanizmi çərçivəsində müzakirəyə çıxarılmasına nail olmaq idi. Məmnunluqla qeyd edə bilərik ki, brifinqdə, alternativ hesabatlarımızda və birgə bəyanatda qaldırdığımız məsələlərin mühüm hissəsi Komitə üzvləri tərəfindən Ermənistan nümayəndə heyətinə ünvanlanan suallarda öz əksini tapdı. Hesab edirəm ki, bu, Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrədə apardığı işin ən mühüm nəticələrindən biridir”, - deyə o əlavə edib.

Umud Mirzəyevin sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri diqqəti xüsusilə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldükdən sonra taleyi naməlum qalan şəxslər, o cümlədən qadınlar və uşaqlar, saxlanma yerləri və kütləvi məzarlıqlarla bağlı məlumatların təqdim edilməsi məsələsinə yönəldiblər.

Azərbaycan QHT-lərinin təqdim etdiyi materiallarda 4 010 itkin azərbaycanlının taleyinin aydınlaşdırılması, əsir və girov götürüldükdən sonra yoxa çıxmış şəxslər haqqında Ermənistanın malik olduğu məlumatların təqdim edilməsi, habelə kütləvi məzarlıqların və dəfn yerlərinin koordinatlarının Azərbaycana verilməsi tələb olunur.

“İtkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi siyasi mübahisə predmeti deyil. Bu, ilk növbədə fundamental humanitar və insan hüquqları məsələsidir. Minlərlə ailə 30 ildən artıqdır öz yaxınlarının taleyi barədə xəbər gözləyir. Bu insanların həqiqəti bilmək hüququ var. Ermənistanın malik olduğu məlumatları təqdim etməsi, mümkün dəfn yerləri və kütləvi məzarlıqlar barədə məlumatları açıqlaması həm humanitar öhdəlik, həm də iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə BAMF prezidenti bildirib.

Umud Mirzəyev qeyd edib ki, Cenevrədə keçirilən müzakirələr vətəndaş cəmiyyəti institutlarının beynəlxalq mexanizmlərlə ardıcıl, faktlara və sənədlərə əsaslanan fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirib:

“Ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Cenevrə missiyasını son dərəcə uğurlu hesab edirəm. Biz yalnız tədbirlərdə iştirak etmədik. Konkret faktlar və sənədlərlə mövqeyimizi ortaya qoyduq, Komitə üzvləri ilə birbaşa ünsiyyət qurduq və qaldırdığımız məsələlərin Ermənistan nümayəndə heyətinə ünvanlanan suallarda səsləndirilməsinə şahid olduq. Hesab edirəm ki, bu fəaliyyət davam etdirilməlidir. Məqsədimiz keçmişin ağrıları üzərindən qarşıdurmanı davam etdirmək deyil, itkinlərin taleyinin müəyyənləşdirilməsinə, ailələrin həqiqəti bilməsinə və bu ağır humanitar problemin həllinin gələcək davamlı sülhə xidmət etməsinə nail olmaqdır”.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyası çərçivəsində birgə bəyanatı səsləndirilib.

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyasına (14–24 sentyabr 2026-cı il)

Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin və “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin birgə BƏYANATI

Ermənistan dövlətinin Komitəyə təqdim etdiyi dövri hesabatda I Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş hərbçilər və mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar və ahıl insanlar barədə heç bir məlumat yer almamışdı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 01.08.2026-cı il tarixinə olan məlumata əsasən, bu qurum tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşmüşdür. 4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır.

İtkin düşmüş şəxslərdən 872 nəfərinin Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək Ermənistan ərazisində və bu ölkə tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində saxlanılmasına dair toplanmış sübutlar və şahid ifadələri mövcuddur.

Bu sahədə ən təkzibedilməz məlumatlar isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən verilmişdir. BQXK tərəfindən 1998 və 2001-ci illərdə təqdim edilmiş siyahılara əsasən, I Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına BQXK əməkdaşları tərəfindən Ermənistan Respublikasında və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən saxlanma yerlərində baş çəkilmiş, həmin şəxslər rəsmi qeydiyyata alınmış, əsirlikdən ailə üzvlərinə yazdıqları məktublar çatdırılmışdır. Sonradan 54 nəfərdən 17 nəfərinin meyiti Azərbaycan tərəfinə qaytarılmış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir.

Azərbaycanda itkin düşmüş şəxslər və kütləvi məzar yerlərini araşdıran İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) 2024-cü ildə dərc etdiyi hesabatda da itkin düşmüş şəxslərlə bağlı həmin tarixə aid rəqəmlər göstərilir. Bununla bağlı Komissiya “Azərbaycan Respublikasında İtkin Düşmüş Şəxslərin Uçotu” adlı Qiymətləndirmə Hesabatı hazırlamışdır.

Qeyd edirik ki, Azərbaycan hökumətinin razılığı ilə 2023-cü ilin iyun ayında ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycanda qiymətləndirmə aparmış, bir sıra hökumət və məhkəmə institutlarının nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq ictimaiyyətin nümayəndələri, həmçinin texniki və məhkəmə-tibbi ekspertlərlə müsahibələr keçirmişdir. Qiymətləndirmə zamanı azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzar yerlərində aparılan ekshumasiya və aşkar edilmiş insan qalıqlarının eyniləşdirilməsi işləri də nəzərə alınmışdır.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etməsi fonunda Ermənistanın əsir və girov götürdüyü azərbaycanlılar barəsində heç bir məlumat təqdim etməməsi Ermənistanın tərəfdar çıxdığı beynəlxalq normalara etinasız münasibətinin nəticəsidir. Bununla belə, həmin şəxslərin işgəncə, ləyaqəti alçaldan davranış və cəzaya məruz qalaraq qətlə yetirilməsi barədə Azərbaycan tərəfindən müvafiq sübutlar toplanmaqdadır. Azərbaycanın XX əsrin 90-cı illərində işğal edilmiş əraziləri 2020-ci ildə azad edildikdən sonra ərazilərdə indiyədək 32 kütləvi məzar yeri tapılmışdır. İnsan qalıqlarının eyniləşdirilməsi nəticəsində onların vaxtilə əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və ahıl şəxslərə aid olduğu müəyyən edilir.

BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsi 25 noyabr–13 dekabr 2024-cü il tarixlərində keçirdiyi 114-cü sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrdə bununla bağlı narahatlığını ifadə etmişdir.

Sənədin 31 və 32-ci bəndlərində Komitə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məqsədilə Ermənistanı Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycanla əməkdaşlıq etməyə çağırır.

Həmçinin Komitə, iştirakçı dövləti uzunmüddətli sülh razılaşmasına nail olmaq və 1990-cı illərdə itkin düşmüş şəxslər də daxil olmaqla, bütün itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün dialoqda xoşniyyətli olmağa dəvət edir.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi də 7 aprel–2 may 2025-ci il tarixlərində keçirdiyi 82-ci sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələr sənədində əsir və girovların işgəncə və əzabla qətlə yetirilməsindən narahatlıq ifadə etmişdir.

Dəfələrlə rəsmi müraciətlərə baxmayaraq, son dəqiqləşmələrə əsasən, I və II Qarabağ müharibələri zamanı əsir və girov götürülmüş və itkin düşmüş 4 010 nəfər haqqında Ermənistan heç bir məlumat təqdim etmir.

Azərbaycan və Ermənistanın sülhə doğru addımladığı bir şəraitdə Ermənistanın müharibənin humanitar nəticələrinin aradan qaldırılması, xüsusən də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıqdan yayınması, dəfn yerləri, o cümlədən kütləvi məzarlıqların koordinatları barədə məlumatları Azərbaycana təqdim etməməsi təəssüf doğurur.

Biz Komitə üzvlərindən xahiş edirik ki, azərbaycanlı əsir və girov götürülmüş şəxslərin, həmçinin Itkin düşərkən yetkinlik yaşına çatmamaış 71 nəfər uşağın girov götürül vaxt yetkinlik yaşına çatmamış, o cümlədən girov götürülməsi faktı qeydə alınmış yetkinlik yaşına çatmamış 29 uşağın (7 qız və 22 oğlan) sonrakı taleyi barədə Ermənistan dövlətindən məlumat tələb etsin. Biz həmçinin Komitəyə aşağıdakıları tövsiyə edirik:

Tövsiyələr:

Ermənistan BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 25 noyabr–13 dekabr 2024-cü il tarixlərində keçirdiyi 114-cü sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrin (concluding observations) 31 və 32-ci paraqraflarında ifadə olunan tövsiyələri yerinə yetirməli, I Qarabağ müharibəsi zamanı əsir və girov götürdüyü şəxslərin taleyi haqqında açıqlama verməli, baş vermiş cinayətləri, o cümlədən müharibə cinayətlərini araşdırmalı, günahkarları cəzalandırmalı və dövlət kimi hüquqi və siyasi məsuliyyətini etiraf etməlidir;

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsi Ermənistan dövlətindən əsir və girov götürdüyü, sonradan yoxa çıxmış şəxslərin sonrakı taleyi haqqında məlumat tələb etməlidir;

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsi Ermənistan dövlətindən I və II Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatların, xüsusilə kütləvi məzar yerlərinin koordinatlarının Azərbaycana təqdim edilməsini tələb etməlidir;

İtkin düşərkən yetkinlik yaşına çatmamaış 71 nəfər uşağın, o cümlədən girov götürülməsi faktı qeydə alınmış yetkinlik yaşına çatmamış 29 uşağın (7 qız və 22 oğlan) sonrakı taleyi barədə Ermənistanın səlahiyyətli orqanları ayrıca təhqiqat aparmalı, onların hər biri barədə məlumatlar ətraflı şəkildə açıqlanmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti