"Masdar" Qaradağ GES-in genişləndirilməsi imkanlarını araşdıracaq

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 16:30 (UTC +04:00)
"Masdar" Qaradağ GES-in genişləndirilməsi imkanlarını araşdıracaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının genişləndirilməsi imkanlarını araşdıracaq. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Təmiz enerji sahəsində dünya liderlərindən biri olan "Masdar" Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsi imkanlarını araşdırmaq məqsədilə "Azerbaijan Green Energy Company" (AGEC) şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalayıb.

“Əməkdaşlıq haqqında saziş Masdarın 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının gücünün ən azı 350 MVt artırılması, həmçinin 200 MVt·st-a qədər gücə malik enerji saxlama sisteminin yaradılması imkanlarının araşdırılmasını nəzərdə tutur”, - deyə şirkətin məlumatında bildirilir.

"Masdar" qeyd edib ki, Qaradağ GES layihəsi ilə Azərbaycan bazarına daxil olduqdan sonra şirkət ölkədə əhəmiyyətli nəticələr əldə edib.

“Azərbaycanda xarici investisiyalar hesabına həyata keçirilən ilk iri həcmli günəş enerjisi layihəsi olan Qaradağ GES hər il təxminən 500 milyon kVt·st elektrik enerjisi istehsal edir ki, bu da 110 mindən çox ev təsərrüfatının enerji ilə təmin olunması üçün kifayətdir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Masdar" Azərbaycanda iri günəş fotovoltaik elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı saziş imzalayıb. 2021-ci ilin aprelində "Masdar "Azərbaycan hökuməti ilə investisiya sazişi, həmçinin "Azərenerji” ilə elektrik enerjisinin alqı-satqısı və elektrik şəbəkəsinə qoşulma haqqında sazişlər imzalayıb.

Layihə Azərbaycanda Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən, 230 MVt dəyişən cərəyan gücünə malik günəş fotovoltaik elektrik stansiyasının maliyyələşdirilməsini, tikintisini və istismarını nəzərdə tuturdu.

Günəş elektrik stansiyasının tikintisi yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına da töhfə verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti