TDT regional əməkdaşlıq üçün fəal platformaya çevrilib - Ömüralıyev

İqtisadiyyat Xəbər 16 Sentyabr 2026 10:13 (UTC +04:00)
TDT regional əməkdaşlıq üçün fəal platformaya çevrilib - Ömüralıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) regional əməkdaşlıq üçün fəal platformaya çevrilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı zamanı çıxışında deyib.

O qeyd edib ki, Türk dövlətləri üçün ortaq məqsəd aydındır: ümumi coğrafiyanı, mədəni əlaqələri, tarixi, insan kapitalını və iqtisadi potensialı praktiki, davamlı inkişafa çevirmək.

“Son illərdə TDT xarici siyasət və ticarətdən tutmuş energetika, "yaşıl iqtisadiyyat", turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər müxtəlif sahələrdə 63 mexanizmi əhatə edən çoxşaxəli əməkdaşlığı genişləndirib.

TDT-yə üzv və müşahidəçi dövlətlərin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb, onların ümumi ticarət dövriyyəsi təxminən 1,27 trilyon ABŞ dollarına çatıb, əhalisinin sayı isə 180 milyon nəfəri keçib. Bu rəqəmlər ümumi iqtisadi potensialımızın miqyasını nümayiş etdirir və eyni zamanda bizə məsuliyyətimizi xatırladır.

Bizim məqsədimiz yalnız ticarət həcmini artırmaqla məhdudlaşmamalıdır. Biz həmçinin ticarəti daha sürətli, proqnozlaşdırıla bilən, rəqəmsal, şaxələndirilmiş və bütün region üzrə biznes, icmalar üçün daha faydalı etməliyik”, - deyə o bildirib.

Baş katib əlavə edib ki, Orta Dəhliz Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün ən mühüm vasitələrdən birinə çevrilib.

“Bu, sadəcə nəqliyyat marşrutu deyil. Bu, Türk regionundan keçən ticarət, sərmayə və digər iqtisadi imkanlar üçün yeni fürsətlər yaradır. Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan asılı deyil. Limanlar, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri səmərəli sərhəd prosedurları, tənzimlənən tariflər və etibarlı rəqəmsal xidmətlər kimi tamamlayıcı sistemlərlə dəstəklənməlidir”,- deyə baş katib vurğulayıb.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti