Bakı.Trend:
Türk dünyası daxilində Azərbaycanın kapital axını və daxilolmaları ən yüksək səviyyədədir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı zamanı çıxışında deyib.
O qeyd edib ki, Türk dövlətləri arasında investisiya üzrə Azərbaycan liderdir.
“Azərbaycanın Orta Dəhliz Davamlılıq İndeksi göstəricisi 1 üzərindən təxminən 0,5 təşkil edir. Bu göstərici bir tərəfdən davamlılıq üçün yaxşı bir bazanın olduğunu, digər tərəfdən isə regional infrastrukturu genişləndirmək, təkmilləşdirmək və Orta Dəhlizi rəqəmsallaşdırmaq üçün böyük imkanların varlığını göstərir”,- deyə o bildirib.
V.Qasımlı əlavə edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun iqtisadi və maliyyə göstəricilərinə nəzər saldıqda görünür ki, regionun qlobal ÜDM-dəki payı 2%, qlobal yığımlardakı (əmanətlərdəki) payı 2,3% olduğu halda, qlobal bank aktivlərindəki payı cəmi 0,8% təşkil edir.
“Yarana biləcək maliyyə çatışmazlığını aradan qaldırmaq üçün əsas vəzifə regionun yığım potensialını səfərbər etmək və yeni nəsil maliyyə həlləri vasitəsilə bu resursları səmərəli investisiyalara və davamlı iqtisadi artıma yönəltməkdir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.
