Argentina Böyük Britaniya və İsrail səfirlərinə etiraz notası təqdim edib

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 07:37 (UTC +04:00)
Argentina Böyük Britaniya və İsrail səfirlərinə etiraz notası təqdim edib

Bakı. Trend:

Argentina Xarici İşlər Nazirliyi Böyük Britaniya və İsrailin səfirlərini çağıraraq mübahisəli Malvin (Folklend) adaları yaxınlığında Buenos-Ayresin icazəsi olmadan neft yataqlarının işlənməsinin planlaşdırılmasına etirazını bildirib.

Bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina Xarici İşlər Nazirliyi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və İsrail Dövlətinin səfirlərini rəsmi etiraz notalarını şəxsən təqdim etmək üçün çağırıb. Görüşlər zamanı “Sea Lion” layihəsinin irəlilədilməsinə və bununla bağlı bütün fəaliyyətlərə etiraz bildirilib”, — deyə məlumatda qeyd olunub.

Nazirlik həmçinin Böyük Britaniya hakimiyyətinin mübahisəli ərazidə biznes fəaliyyəti ilə bağlı tövsiyələr dərc etməsini pisləyib.

“Böyük Britaniya bu tövsiyələr vasitəsilə Malvin adalarında, Cənubi Corciya və Cənubi Sendviç adalarında, eləcə də onlara bitişik dəniz ərazilərində qanunsuz kommersiya fəaliyyəti və karbohidrogen hasilatını təşviq etmək niyyətindədir”, — deyə məlumatda vurğulanıb.

Argentina hakimiyyətinin fikrincə, Böyük Britaniya bu addımları ilə BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsini “açıq şəkildə pozur”. Qətnamədə suverenliklə bağlı mübahisənin sülh yolu ilə həlli prosesi başa çatana qədər Argentina Respublikası və Böyük Britaniyanın adalar ətrafındakı vəziyyətə təsir edən birtərəfli addımlardan çəkinməsi çağırışı yer alır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti