Bakı. Trend:
XRG Cənub Qaz Dəhlizindəki payın alınması prosesini başa çatdırıb.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin beynəlxalq enerji investisiyaları bölməsi olan XRG-nin açıqlamasında bildirilib.
“Xəzər regionunu Cənubi Avropa ilə birləşdirən 3 500 kilometr uzunluğunda şəbəkəyə malik Cənub Qaz Dəhlizinə qoyduğumuz investisiya XRG-nin Azərbaycanda və Türkmənistanda hasilat layihələrinə yatırımları birləşdirən inteqrasiya olunmuş Xəzər strategiyasının həyata keçirilməsinə töhfə verir. Nəticədə qazın daha dayanıqlı, etibarlı və şaxələndirilmiş tədarükünü, regional iqtisadi inkişafı və uzunmüddətli dəyərin yaradılmasını dəstəkləyən daha dayanıqlı platforma formalaşır”, - deyə XRG-dən bildirilib.
Xatırladaq ki, 3 noyabr 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində ADIPEC sərgisi və konfransı çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində XRG tərəfindən payın alınmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlər Sazişi imzalanıb. Sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG QSC arasında “Cənub Qaz Dəhlizinə investisiyalar üzrə Anlaşma Memorandumu”na uyğun olaraq imzalanıb.
Qeyd edək ki, 2014-cü ildə fəaliyyətə başlayan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti qaz hasilatı aktivlərində və ümumi uzunluğu 3 500 kilometr olan boru kəmərləri şəbəkəsində paylara sahibdir. İllik 26 milyard kubmetrədək ötürücülük qabiliyyətinə malik bu infrastruktur Xəzər hövzəsindən hasil olunan təbii qazın Türkiyə ərazisindən keçməklə Cənubi Avropaya nəqlinə imkan verir.
