Bakı.Trend:
Türk dünyası birliyinin iqtisadi sütunlarını möhkəmləndirmək və ticarət həcmimizi artırmağa ehtiyacımız var.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşat Zorlu Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxışında deyib.
O qeyd edib ki, dünya qlobal böhranlarla, xaoslarla qarşı-qarşıyadır.
“Geopolitik risklər artır və qeyri-sabitlik halı ilə üz-üzəyik. Belə bir dövrdə hər bir ölkə üçün kənd təsərrüfatında milliləşməni təmin etməli, ərzaq təhlükəsizliyini ön plana çıxarmalı, etibarlı bir logistika və qlobal xətt daxilində özümüzə məxsus bir dəhliz mövqeləndirə bilməli, müdafiə sənayesində dünyada fərq yaradaraq öz daxili resurslarımızı hərəkətə keçirə bilməliyik. Bunlar hər bir ölkə üçün artıq strateji bir təhlükəsizlik məsələsinə çevrilir”,- deyə o bildirib.
K.Zorlu vurğulayıb ki, Türk Dünyası ölkələrinin öz aralarındakı ticarətinin ümumi ticarətdəki payı bu gün təxminən 7%-dən bir az çoxdur. Bir neçə il əvvəl 3% ətrafında olan bu nisbətin yüksəlməsi, yaxşı nəticədir.
“Lakin mövcud iqtisadi potensialımızı nəzərə aldıqda, qısa müddətdə bunu 10%-dən yuxarı çıxarmaq kimi bir öhdəliyimiz var. Artıq sadəcə öz aramızda mal satmaq üzrə hədəflər qoymaq əvəzinə, birlikdə istehsal etməli, maliyyələşdirməliyik.
Qlobal ticarətdə getdikcə daha strateji xarakter alan Orta Dəhliz xüsusi yerə sahibdir. Bu gün təkcə bizim deyil, dünyanın da qlobal riskləri azalda bilməsi baxımından Orta Dəhliz çox böyük əhəmiyyət kəsb edir.
Xəzər keçidli bu marşrut yalnız Şərq ilə Qərb arasında təhlükəsiz və sürətli daşınma xətti təqdim etməklə qalmır, eyni zamanda Türk Dünyasının qlobal iqtisadiyyata daha güclü inteqrasiyasını təmin edəcəkdir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.
