Bakı.Trend:
Türkiyədə ət məhsullarının istehsalı ilə bağlı yeni standartlar qüvvəyə minib. Yeni standartlarla dönər, kolbasa və qiymənin tərkibinə dair tələblər sərtləşdirilib.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı bildirişi dövlətin “Resmi Gazete” adlı bülleteninin yeni sayında dərc olunub.
Yeni sənədlə dönər, sucuq, burger, qiymə, basdırma və qovurma da daxil olmaqla bir sıra məşhur məhsullarda dolduruculardan istifadə qadağan edilib. İstehsalçılar və müəssisələr üçün 31 mart 2027-ci ilədək keçid dövrü müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, dönər hazırlanmasında istifadə olunan ətin növündən asılı olaraq üç kateqoriyaya bölünür. Bütün kateqoriyalarda doğranmış qırmızı ət və qiymənin tərkibdəki payı normalaşdırılıb.
Həmçinin yağ və duzun miqdarına məhdudiyyətlər tətbiq edilib. Dönərdə ümumi yağın payı 25 faizdən, duzun payı 2 faizdən çox ola bilməz, ətin tərkibində zülalın miqdarı isə ən azı 12 faiz olmalıdır.
