Bakı. Trend:
2027-ci ildə Azərbaycanda ABŞ dollarının manata qarşı
məzənnəsinin 1,7 manat səviyyəsində qalacağı proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-ci il dövlət və
icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində
bildirilib.
Qeyd edək ki, Azərbaycanda milli valyutanın ABŞ dollarına qarşı
məzənnəsi 2018-ci il martın 7-dən etibarən 1 ABŞ dolları üçün 1,7
manat səviyyəsindədir.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi
makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ
dollarına qarşı məzənnəsi cari ilin səviyyəsində, yəni sabit
götürülüb.
Azərbaycanın iqtisadi artım proqnozları
İqtisadiyyat Nazirliyinin cari ilin avqust ayında təqdim etdiyi
proqnozlara əsasən, baza ssenarisində 2027-2030-cu illərdə neftin
bir barelinin orta illik ixrac qiymətinin 65 ABŞ dolları olacağı
fərz edilib.
Proqnoza görə, 2027-ci ilin sonuna Azərbaycanın ümumi daxili
məhsulunun (ÜDM) həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz
ÜDM-i 109,1 milyard manat təşkil edəcək.
2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in
138,6 milyard manata çatacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta hesabla illik
3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı
proqnozlaşdırılır. 2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də
payının 82 faizə çatacağı gözlənilir.
Proqnozlara əsasən, 2030-cu ildə əhalinin gəlirlərinin 137,1
milyard manata, xərclərinin isə 134,1 milyard manata yüksələcəyi
gözlənilir. 2027-ci ildə əsas kapitala yönəldilən investisiyaların
2,4 faiz, ortamüddətli dövrdə isə orta hesabla illik 2,2 faiz
artacağı proqnozlaşdırılır.
2027-ci ildə inflyasiyanın 5,3 faiz olacağı gözlənilir
2027-ci ildə Azərbaycanda illik inflyasiyanın 5,3 faiz təşkil
edəcəyi proqnozlaşdırılır.
Sənəddə qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin proqnozlarında
cari il üzrə 5,7 faiz səviyyəsində gözlənilən orta illik
inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,3 faizə enəcəyi
nəzərdə tutulur.
Proqnoz hazırlanarkən cari ilin ötən dövründə faktiki inflyasiya
səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətlərinin dinamikası,
bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə
indeksinin dəyişməsi, manatın məzənnəsinin sabit qalması və
tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklərin təsirləri
nəzərə alınıb.
2027-ci il büdcəsində neftin qiyməti 65 dollar götürülüb
Azərbaycanın 2027-ci il üçün dövlət və icmal büdcələrinin
layihələri hazırlanarkən “Azeri Light” markalı xam neftin bir
barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində
götürülüb.
Bu göstərici 2026-cı il üçün nəzərdə tutulan qiymətlə eynidir.
2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon
manat olacağı proqnozlaşdırılır. Bu, ÜDM-in 27,8 faizinə
bərabərdir.
Dövlət büdcəsi gəlirlərinin 15 milyard 480 milyon manatının və ya
39,5 faizinin neft-qaz sektorunun, 23 milyard 754 milyon manatının
və ya 60,5 faizinin isə qeyri-neft-qaz sektorunun payına düşəcəyi
gözlənilir.
2027-ci ildə dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat
proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisindən
696,4 milyon manat və ya 1,7 faiz çoxdur. 2025-ci ilin icra
göstəricisi ilə müqayisədə isə artım 3 milyard 795,4 milyon manat
və ya 9,8 faiz təşkil edir.
Dövlət büdcəsinin xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi
cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı
xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna və
öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək.
2027-ci ildə dövlət büdcəsinin kəsirinin 3 milyard 166 milyon manat
olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş
göstəricisindən 71,4 milyon manat və ya 2,3 faiz çoxdur. Büdcə
kəsirinin ÜDM-ə nisbəti 2,2 faiz təşkil edəcək.
Kəsirin 2 milyard 751 milyon manatının borclanma, 275 milyon
manatının vahid xəzinə hesabının qalığı, 140 milyon manatının isə
özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə
tutulur.
İcmal büdcənin gəlir və xərcləri
2027-ci ildə icmal büdcənin gəlirlərinin 47 milyard 608,8 milyon
manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş
göstəricisi ilə müqayisədə 2 milyard 639,5 milyon manat və ya 5,9
faiz çoxdur.
İcmal büdcənin xərclərinin isə 50 milyard 386,7 milyon manat təşkil
edəcəyi gözlənilir. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisindən
1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur.
Beləliklə, 2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon
manat kəsir proqnozlaşdırılır.
Dövlət büdcəsi gəlirlərinin əsas mənbələri
2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 18
milyard 430 milyon manat daxilolma nəzərdə tutulur. Bu məbləğ
dövlət büdcəsi gəlirlərinin 47 faizini təşkil edəcək.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 14 milyard 850
milyon manatının və ya 80,6 faizinin qeyri-neft-qaz sektorunun, 3
milyard 580 milyon manatının və ya 19,4 faizinin neft-qaz
sektorunun payına düşəcəyi gözlənilir.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların 6 milyard 865 milyon
manat olacağı proqnozlaşdırılır.
Bundan əlavə, dövlət büdcəsi gəlirlərinin 11 milyard 900 milyon
manatının və ya 30,3 faizinin Dövlət Neft Fondundan transfert, 855
milyon manatının və ya 2,2 faizinin səhmlərində dövlətin payı olan
müəssisələrdən alınan dividendlər, 599 milyon manatının və ya 1,5
faizinin büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları, 585
milyon manatının və ya 1,5 faizinin isə sair gəlirlər hesabına
formalaşacağı nəzərdə tutulur.
Dövlət büdcəsində əsas xərclər
2027-ci ildə dövlət büdcəsindən ən böyük vəsaitin iqtisadi
fəaliyyət, müdafiə və milli təhlükəsizlik, ümumi dövlət xidmətləri,
təhsil və sosial müdafiə istiqamətlərinə yönəldilməsi nəzərdə
tutulur.
Belə ki, iqtisadi fəaliyyət xərcləri 8 milyard 891 milyon manat,
müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon
manat, ümumi dövlət xidmətləri üzrə xərclər 5 milyard 506,3 milyon
manat, təhsil xərcləri 5 milyard 98,2 milyon manat, sosial müdafiə
və sosial təminat xərcləri isə 4 milyard 916 milyon manat
proqnozlaşdırılır.
Səhiyyə xərclərinin icmal büdcədə 3 milyard 962,8 milyon manat, o
cümlədən dövlət büdcəsindən 2 milyard 82,6 milyon manat təşkil
edəcəyi gözlənilir.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərin 3
milyard 433,6 milyon manat, kənd təsərrüfatı üzrə xərclərin 1
milyard 379,5 milyon manat, ətraf mühitin mühafizəsi üzrə xərclərin
438,7 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən
tərbiyəsi və gənclər siyasəti üzrə xərclərin 645,2 milyon manat
olacağı proqnozlaşdırılır.
Mənzil və kommunal təsərrüfatı üzrə xərclər 335 milyon manat, əsas
bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə 857,6 milyon
manat səviyyəsində nəzərdə tutulur.
