Bakı. Trend:
Son günlər Bakıda yeniyetmənin ölümü ilə nəticələnən hadisə uşaqların onlayn oyun platformalarında qarşılaşa biləcəyi zərərli məzmun və çağırışların yaratdığı təhlükələri yenidən gündəmə gətirib. Baş Prokurorluğun yaydığı məlumata görə, sentyabrın 13-də baş vermiş hadisədə ilkin araşdırma zamanı yeniyetmənin “Roblox” platformasında qarşılaşdığı zərərli məzmunun onun psixoloji vəziyyətinə mənfi təsir göstərdiyi müəyyən edilib. Hadisə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, valideyn nəzarəti və bu cür təsirlərin vaxtında müəyyənləşdirilməsi məsələlərini yenidən aktuallaşdırıb.
Yeniyetmələr virtual mühitdəki zərərli məzmun və çağırışların təsirinə niyə daha tez düşürlər? Belə halların arxasında hansı psixoloji və sosial amillər dayanır?
Psixoloq Vəfa Rəşidova Trend-ə açıqlamasında bildirib ki, yeniyetməlik dövründə uşaqlarda riskə, maraq doğuran və gizli məqamlara meyl daha yüksək olduğundan müxtəlif onlayn oyunlar onların diqqətini asanlıqla cəlb edə bilir.
Onun sözlərinə görə, əsas problemlərdən biri valideynlərin uşaqların oynadığı oyunların məzmunu barədə kifayət qədər məlumatlı olmaması və bəzən bu məsələdə onları nəzarətsiz qoymasıdır.
“Valideynlər bəzən uşaqdır, oyun oynayır, vaxtını keçirir deyərək məsələyə laqeyd yanaşırlar. Halbuki bu cür hallar uşaqlarda aqressiya, narahatlıq və şiddətə meylli davranışların ortaya çıxmasına səbəb ola bilər. Valideyn övladının hansı insanlarla yazışdığına, kimlərlə əlaqə qurduğuna, hansı oyunları oynadığına və həmin oyunun mahiyyətinin nədən ibarət olduğuna diqqət etməlidir”, – deyə psixoloq bildirib.
V.Rəşidova qeyd edib ki, valideynin təhlükəli hesab etdiyi oyunla qarşılaşdıqda uşağın telefonunu əlindən alması və onu sərt şəkildə məhdudlaşdırması düzgün yanaşma deyil. Onun fikrincə, yeniyetməyə oyunun təhlükəli tərəfləri və mümkün fəsadları izah edilməli, onunla açıq ünsiyyət qurulmalıdır.
“Yeniyetmələrin həyat təcrübəsi az olduğuna görə onlar bəzi hallarda kor-koranə davrana bilirlər. Valideyn övladının kimlə gəldi dostluq etməməsi və təhlükəli təsirlərə məruz qalmaması üçün onunla söhbət etməli, birlikdə vaxt keçirməli və onu maarifləndirməlidir. Şiddət göstərmək, başqaları ilə müqayisə etmək, telefonu əlindən almaq və sərt məhdudiyyətlər tətbiq etmək isə uşağı daha ciddi psixoloji sarsıntıya sala bilər”, – deyə o vurğulayıb.
Psixoloqun sözlərinə görə, bəzi hallarda onlayn oyunlara həddindən artıq meyl göstərən uşaqlarda ailə daxilində diqqət və qayğı çatışmazlığı müşahidə oluna bilər. Uşağın saatlarla oyundan ayrıla bilməməsi isə diqqət tələb edən davranış nümunəsinə çevrilə bilər.
“Əgər uşağınızın davranışında, danışığında və hərəkətlərində qəfil dəyişiklik, aqressiya, şiddətə meyl və ya əvvəllər müşahidə etmədiyiniz narahatedici davranışlar görürsünüzsə, buna ciddi yanaşın. İlk növbədə, sevgini, diqqəti və ünsiyyəti artırın. Bunlar nəticə vermirsə, peşəkar psixoloqla məsləhətləşin”, – deyə V.Rəşidova əlavə edib.

Sosioloq Mail Yaqub açıqlamasında bildirib ki, müasir kompüter və onlayn oyunların uşaqların və yeniyetmələrin psixologiyasına təsiri ciddi problem kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, xüsusilə yeniyetməlik dövründə uşaqların müxtəlif xarici təsirlərə qarşı daha həssas olması onlayn mühitdə qarşılaşdıqları məzmunun təsirini də artıra bilər.
“Bu, çox ciddi problemdir. Kompüter oyunları yeniyetmələrin və gənclərin psixologiyasına çox təsir edir. Bunun ciddi problem olmadığını demək düzgün deyil”, – deyə sosioloq bildirib.
M.Yaqub qeyd edib ki, uşaqların və yeniyetmələrin belə təsirlərə daha tez məruz qalmasının əsas səbəblərindən biri onların həssas yaş dövründə olmalarıdır. Onun sözlərinə görə, bu yaşlarda hətta dost və yaşıdlarla qurulan münasibətlər və həmin münasibətlərdə yaşanan problemlər belə yeniyetmənin psixoloji vəziyyətinə ciddi təsir göstərə bilir.
Sosioloq hesab edir ki, problemin həllində əsas məsuliyyət, ilk növbədə, ailənin üzərinə düşür. Valideyn uşağının onlayn mühitdə qarşılaşdığı risklərdən xəbərdar olmalı, onunla münasibətlərini qarşılıqlı etimad və dialoq üzərində qurmalıdır.
“Uşağın birinci dayağı, birinci həmsöhbəti və dostu valideyndir. Valideyn uşağı ilə dialoq aparmalı, onunla səmimi münasibət yaratmalıdır. Bunu zorakılıq və aqressiya ilə etmək olmaz. Çünki aqressiv yanaşdıqda uşaq valideyndən gizli şəkildə yenə həmin oyunlarla məşğul ola bilər. Burada əsas yol dialoq, səmimi və mehriban münasibət, uşağa oyunların mümkün zərərlərini izah etməkdir”, – deyə o vurğulayıb.
M.Yaqubun sözlərinə görə, ailə ilə yanaşı, məktəblərin də bu məsələdə üzərinə mühüm vəzifələr düşür. Müəllimlərin rəqəmsal mühitdə uşaqların qarşılaşdığı risklər barədə məlumatlandırılması və onlara müvafiq təlimlərin keçirilməsi vacibdir.
“Məktəb müəllimlərinə məhz bu mövzuda psixoloqlar və təlimçilər tərəfindən təlimlər keçirilməlidir. Müəllimlər uşaqları zərərli oyun və məzmunlardan necə uzaqlaşdırmağın yollarını bilməlidirlər”, – sosioloq bildirib.
O əlavə edib ki, problemin ictimai müzakirəsi də genişləndirilməlidir. Bunun üçün sosial şəbəkələrdə, televiziya və radiolarda mütəxəssislərin maarifləndirici çıxışlarına daha çox yer ayrılmalıdır.
“Təəssüf ki, bu mövzuda maarifləndirmə kifayət qədər deyil. Psixoloqlar və mütəxəssislər sosial şəbəkələrdə, televiziya və radiolarda bu məsələlər barədə davamlı danışmalıdırlar”, – deyə M.Yaqub qeyd edib.

