Azərbaycan Türk dünyası və İslam sivilizasiyasının mühüm mədəni məkanlarından biridir - Vüqar İskəndərov

Siyasət Rəy 16 Sentyabr 2026 15:11 (UTC +04:00)
Azərbaycan Türk dünyası və İslam sivilizasiyasının mühüm mədəni məkanlarından biridir - Vüqar İskəndərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan həm Türk dünyasının, həm də İslam sivilizasiyasının mühüm mədəni məkanlarından biri olmaqla yanaşı, Türk dünyası ilə Qafqaz arasında əlaqələndirici rol oynayır və İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində konkret təşəbbüslər həyata keçirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərin irsi yalnız tarixi keçmişin qürur mənbəyi kimi deyil, həm də ölkənin bugünkü mövqeyini və gələcəyə baxışını müəyyən edən mənəvi sərvət kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı Azərbaycanın Türk dünyası və İslam sivilizasiyasındakı mühüm yerini nümayiş etdirir.

“Bu böyük şəxsiyyətlərin irsi Azərbaycanı əsrlər boyu formalaşmış Türk və İslam mədəniyyətlərinin mühüm qovşaqlarından birinə çevirib. Bu irs bu gün də ölkəmizin dünyaya təqdim etdiyi mühüm mənəvi dəyərlər sırasındadır”, - deyə V.İskəndərov vurğulayıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən tədbirlərin iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın tarixi və mədəni irsinin müasir dövrdə qorunması və inkişaf etdirilməsi siyasətini əks etdirir.

Deputatın sözlərinə görə, Azərbaycanın xüsusiyyətlərindən biri onun eyni zamanda həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz parçası olmasıdır. Bu coğrafi və tarixi xüsusiyyət ölkəyə iki böyük siyasi və mədəni məkan arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə vermək üçün geniş imkanlar yaradır.

“Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələndirici mövqeyi yalnız coğrafi amillə məhdudlaşmır. Bu, həm də tarixi, mədəni, dini və humanitar bağlarla şərtlənən mühüm bir missiyadır”, - deyə V.İskəndərov bildirib.

O diqqətə çatdırıb ki, Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin toplantısının keçirilməsi və burada Türk dünyası ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan dini nümayəndələrin iştirak etməsi Azərbaycanın bu istiqamətdəki rolunu daha da aydın göstərir. Onun fikrincə, bu cür tədbirlər əməkdaşlığın yalnız siyasi müstəvidə deyil, dini və humanitar sahələrdə də genişləndirildiyini nümayiş etdirir.

Deputat Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin praktik xarakter daşıdığını bildirib. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirilən tədbirlər, eləcə də 2017-ci ildə Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun konkret nümunələridir.

“2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları yalnız idman yarışları ilə məhdudlaşmırdı. Bu tədbir müsəlman ölkələrini bir araya gətirən və həmrəylik ideyasını praktik şəkildə nümayiş etdirən mühüm platformaya çevrilmişdi”, - deyə o əlavə edib.

V.İskəndərov bildirib ki, qarşıdakı dövrdə Bakının İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi də Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin davamıdır.

Deputat vurğulayıb ki, həmrəylik və sülh çağırışları tarixi yaddaşın qorunması ilə paralel aparılmalıdır. Onun sözlərinə görə, Qarabağın 30 il ərzində işğal altında qalması Azərbaycan xalqı üçün ağır humanitar və mədəni nəticələr doğurub, şəhər və kəndlər dağıdılıb, əhali etnik təmizləməyə məruz qalıb, Xocalı soyqırımı törədilib, dini və mədəni irsə ciddi ziyan vurulub.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 65 məscidin Ermənistan tərəfindən tamamilə dağıdılması məsələyə yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, İslam dünyasının mədəni irsinə münasibət baxımından da yanaşmağı zəruri edir.

“Bizim üçün tarixi yaddaşın qorunması prinsipial məsələdir. Dağıdılmış məscidlər, məhv edilmiş mədəni irs və xalqımıza qarşı törədilmiş cinayətlər unudulmamalıdır”, - deyə V.İskəndərov qeyd edib.

Deputatın sözlərinə görə, uzun illər davam edən və nəticəsiz qalan danışıqlar prosesindən sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi tarixi ədalətin təmin olunması baxımından mühüm nəticədir. Qarabağda separatçı strukturların fəaliyyətinə son qoyulub, hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə qarşısında cavab verməsi təmin edilib.

O vurğulayıb ki, Azərbaycanın əldə etdiyi zəfər yalnız hərbi nəticə ilə yekunlaşmayıb. Hazırda əsas diqqət Qarabağ və Şərqi Zəngəzurun bərpasına, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına və bölgədə dayanıqlı həyatın qurulmasına yönəlib. Rəsmi məlumatlara əsasən, artıq bu ərazilərdə 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır.

V.İskəndərov bildirib ki, Azərbaycan sülh prosesini dəstəklədiyini açıq şəkildə bəyan edir. Onun sözlərinə görə, sülhün bərqərar olması tarixi yaddaşın qorunmasına mane olmur, əksinə, davamlı sülh üçün keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmaq və onların təkrarlanmasına imkan verməmək vacibdir.

“Azərbaycan sülhə tərəfdardır, lakin sülh tarixi unutmaq demək deyil. Əksinə, davamlı sülh üçün keçmişin dərsləri yadda saxlanılmalıdır”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın bu yanaşmasının praktiki ifadəsidir. İşğal nəticəsində dağıdılmış məscidlərin və digər tarixi obyektlərin bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və insanların doğma torpaqlarına qayıtması qarşıdakı mərhələnin əsas prioritetlərindəndir.

Deputat qeyd edib ki, Azərbaycanın zəfərinin əhəmiyyəti yalnız hərbi uğurla ölçülmür. Əsas məsələ əldə edilmiş nəticənin sülh, inkişaf, Böyük Qayıdış və regional əməkdaşlıq baxımından davamlı reallığa çevrilməsidir.

“Azərbaycanın bugünkü siyasətində tarixlə gələcək arasında ardıcıl bir əlaqə var: milli yaddaş qorunur, milli iradə möhkəmləndirilir, Türk dünyası və İslam aləmi ilə həmrəylik gücləndirilir və regionda sülhün təmin olunmasına töhfə verilir”, - deyə V.İskəndərov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti