Bakı. Trend:
2026-cı ilin ilk 6 ayında Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 3,358 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 507 min ABŞ dolları və ya 17,8 faiz çoxdur.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində BMK-dan reallaşan investisiyaların payı 0,1 faiz təşkil edib.
2025-ci ilin ilk 6 ayında Beynəlxalq Maliyyə Korporasiyasından Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 2,851 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.
BMK-nin Azərbaycana investisiyalarının artması qurumun ölkənin maliyyə və özəl sektorunun inkişafında iştirakının genişləndirilməsi ilə paralel gedir. Tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni maliyyələşdirmə imkanlarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr də davam etdirilir.
Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Mərkəzi Bankın sədri Taleh Kazımov BMK-nin Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanda BMK-nin dəstəyi ilə həyata keçirilən təşəbbüslər, dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan layihələr, eləcə də Azərbaycanın iqtisadi dayanıqlığının artırılmasına töhfə verə biləcək gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər AMB ilə BMK arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, tərəfdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
