Bakı.Trend:
OPEK Beynəlxalq İnkişaf Fondu Azərbaycandakı layihələr üçün ümumilikdə 60 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.
Bu barədə fondun məlumatında qeyd olunub.
Qərar OPEK Beynəlxalq İnkişaf Fondunun Direktorlar Şurasının 197-ci iclasında qəbul edilib.
Qeyd olunub ki, birinci dərəcəli girov təminatı ilə 40 milyon dollar məbləğində kredit Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması layihəsinin dəstəklənməsinə yönəldiləcək. Bu, ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk iri həcmli zavod olacaq.
Bundan əlavə, yerli maliyyə institutuna təqdim edilən 20 milyon dollar məbləğində kredit mikro, kiçik və orta müəssisələrin (MKOS), o cümlədən qadınların sahib olduğu sahibkarlıq subyektlərinin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
"Fondun əvvəlki iclasından bu yana OPEK Fondu 14 tərəfdaş ölkədə layihələrin həyata keçirilməsi üçün 645 milyon dollar həcmində yeni maliyyələşdirməni təsdiqləyib", - deyə fondun məlumatında bildirilir.
OPEK Fondunun Prezidenti Əbdülhəmid əl-Xəlifə bildirib ki, bu investisiyalar etibarlı su və enerji təchizatı, dayanıqlı infrastruktur, səmərəli iqtisadi institutlar və maliyyələşməyə çıxış da daxil olmaqla, dayanıqlı inkişafın əsas istiqamətlərinin dəstəklənməsinə yönəldilib.
“İstər dövlət, istərsə də özəl sektorla əməkdaşlıq edən OPEK Fondu tərəfdaş ölkələrə mövcud məhdudiyyətlərin aradan qaldırılmasına, eyni zamanda imkanların genişləndirilməsi və uzunmüddətli dayanıqlığın artırılması üçün şərait yaradılmasına kömək edir”, - deyə o əlavə edib.
Xüsusilə, Tacikistana Ruşan–Varşez avtomobil yolunun yenidən qurulması layihəsinin birinci mərhələsinin maliyyələşdirilməsi üçün 30 milyon dollar kredit ayrılıb. Layihə çərçivəsində Düşənbə–Kulma–Çin sərhədi avtomobil yolunun 82,2 kilometr uzunluğunda hissəsinin yenidən qurulması planlaşdırılır.
Daha 30 milyon dollar məbləğində kredit Qazaxıstanda yerli maliyyə institutuna kiçik və orta müəssisələrin, eləcə də kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrin kreditləşdirilməsinin dəstəklənməsi üçün təqdim edilib. Bu, OPEK Fondunun Qazaxıstanda özəl sektora ayırdığı ilk maliyyələşdirmədir.
Qeyd edək ki, OPEK Beynəlxalq İnkişaf Fondu üzv ölkələrin vəsaitləri hesabına yalnız təşkilata üzv olmayan ölkələrə maliyyə dəstəyi göstərən, qlobal mandatına malik yeganə beynəlxalq inkişaf institutudur.
Fond tərəfdaş ölkələr və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək dünya üzrə aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımın və sosial inkişafın təşviqinə yönəlmiş fəaliyyət həyata keçirir.
