Azərbaycanda narkotik daşıyan nəqliyyat vasitələrinin müsadirə olunması təklif edilir

Cəmiyyət Xəbər 16 Sentyabr 2026 16:39 (UTC +04:00)
Azərbaycanda narkotik daşıyan nəqliyyat vasitələrinin müsadirə olunması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik vasitələrin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin dövlət büdcəsinin xeyrinə müsadirə olunması ilə bağlı ayrıca qanun qəbul edilə bilər.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, müharibələr davam edir və hazırda informasiya müharibəsi, hibrid müharibə və narkotik müharibəsi kimi anlayışlar fərqləndirilir.

O, narkotik vasitələrin sərhəddən keçirilməsinin qarşısının alınması istiqamətində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinə, Sərhəd Qoşunlarına, Dövlət Sərhəd Xidmətinə və digər müvafiq icra qurumlarına təşəkkür edib.

H.Babaoğlu qeyd edib ki, narkotik tacirlərinə qarşı mübarizədə daha sərt qanunların qəbul edilməsinə ehtiyac var.

“Əgər həmkarlarım da səs verərlərsə, biz narkotik daşıyan vasitələrin dövlətin, dövlət büdcəsinin xeyrinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik”, - deyə o bildirib.

Deputatın sözlərinə görə, böyük və bahalı yükdaşıyan nəqliyyat vasitələrində xüsusi gizli bölmələr yaradılır və həmin yerlərdən yüzlərlə kiloqram, bəzi hallarda isə tonlarla narkotik vasitə aşkarlanır.

O vurğulayıb ki, belə hallarda narkotik vasitələr müsadirə edilsə də, nəqliyyat vasitələrinin sonrakı taleyi məsələsində daha çəkindirici mexanizmlərə ehtiyac var.

“Əgər mənim nəqliyyat vasitəm narkotik ticarətinə vasitə olursa, mən onu itirə bilərəm”, - deyə H.Babaoğlu bildirib.

Deputat hesab edir ki, bu məsələ nəqliyyat vasitəsinin həm sürücüsü, həm də sahibi üçün məsuliyyət hissini artırmalıdır. Onun fikrincə, bu istiqamətdə ayrıca çəkindirici qanunun qəbul edilməsi mübarizənin səmərəliliyinə töhfə verə bilər.

H.Babaoğlu daha bir məsələyə diqqət çəkərək bildirib ki, Azərbaycan hazırda narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısını almaqla yanaşı, narkotik ticarətinin arxasında dayanan daha böyük şəbəkələrlə mübarizəyə keçməlidir.

“Biz hələlik bizə qarşı narkotik müharibəsi elan edən ölkələrlə narko-kuryerlər səviyyəsində mübarizə aparırıq. Məncə, burada bir mərhələni daha yuxarı qaldırmalıyıq, narko-baronlarla artıq mübarizə aparmalıyıq”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, narkotik vasitələr müxtəlif xüsusi vasitələrlə, o cümlədən dronlarla Azərbaycan sərhədindən keçirildiyi halda, bu fəaliyyətin arxasında dayanan şəbəkənin ifşa edilməsi məsələsi də diqqətdə saxlanılmalıdır.

Deputat bunun çətin proses olduğunu, bunun üçün müvafiq informasiya və digər imkanların tələb edildiyini bildirib. O qeyd edib ki, ölkə daxilində belə bir şəbəkənin fəaliyyət göstərib-göstərmədiyini bilməsə də, belə bir şəbəkənin mövcudluğu halında onun arxasında idarəedici və gizli qüvvənin dayanması ehtimalı nəzərdən keçirilməlidir.

Deputat hesab edir ki, narko-baronların və narkotik ticarətinin arxasında dayanan şəbəkələrin ifşa edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanmalıdır. Onun sözlərinə görə, belə qanun hüquq-mühafizə orqanlarının imkanlarını gücləndirməli və onların bu mübarizəni qanunvericiliyə əsaslanaraq həyata keçirməsinə şərait yaratmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti