Bakı.Trend:
Böyük Britaniyada avqust ayında illik inflyasiya 3,1 faizə yüksəlib.
Bu barədə Birləşmiş Krallığın Milli Statistika İdarəsinin (ONS) hesabatında qeyd olunub.
Məlumata görə, bu, son beş ay ərzində qeydə alınan ən böyük artımdır. İyul ayında illik inflyasiya 2,9 faiz təşkil edib. İstehlak qiymətlərinin artmasının əsas səbəbi nəqliyyat xidmətlərinin, xüsusilə Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda avtomobil yanacağının qiymətinin bahalaşması olub.
Belə ki, benzinin bir litrinin qiyməti 0,09 funt sterlinq artaraq orta hesabla 1,61 funt sterlinqə (2,17 dollar), dizel yanacağının qiyməti isə 0,14 funt sterlinq artaraq 1,81 funt sterlinqə (2,44 dollar) çatıb. Aviabiletlərin qiyməti isə 6,2 faiz bahalaşıb.
Ərzaq, alkoqol, tütün və enerji daşıyıcılarının qiymətlərindəki dəyişiklikləri nəzərə almayan baza inflyasiyası avqust ayında 2,6 faiz səviyyəsində qalıb. Xidmətlər sektorunda inflyasiya isə 3,2 faizə yüksəlib.
