Etilen-Polietilen Zavoduna mediatur təşkil olunub (FOTO)

Energetika Xəbər 16 Sentyabr 2026 13:27 (UTC +04:00)
Etilen-Polietilen Zavoduna mediatur təşkil olunub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Sumqayıt. Trend:

20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna mediatur təşkil olunub.

Trend-in mediaturdakı müxbiri xəbər verir ki, otuzdan çox media qurumunun nümayəndəsinin iştirak etdiyi mediatur zamanı əvvəlcə zavodun fəaliyyəti, istehsal imkanları və son illərdə həyata keçirilən modernizasiya layihələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müəssisənin tərkibində Etilen, Polietilen, eləcə də Buxar və Elektrik Enerjisi İstehsalatı (BEEİ) fəaliyyət göstərir. Rekonstruksiya və modernizasiya işlərindən sonra etilen istehsalının illik layihə gücü 190 min tona, propilen istehsalının gücü isə 187 min tona çatdırılıb. 2001-ci ildə istismara verilmiş BEEİ isə zavodun istehsalat sahələrinin buxar və elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.

Qeyd olunub ki, "Azərkimya" İstehsalat Birliyində istehsal olunan məhsullar əsasən Türkiyə, Estoniya və Çinə ixrac edilir, eyni zamanda Mərkəzi Asiya ölkələrinə də tədarüklər həyata keçirilir. Məhsulların ixracında əsas hədəf isə Avropa bazarlarıdır. Bildirilib ki, ilk növbədə Türkiyə bazarının tələbatı ödənilir.

Məlumata görə, Prezidentin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2016-cı ildən Etilen-Polietilen zavodunun "EP-300" qurğusunda genişmiqyaslı modernizasiya işlərinə başlanılıb. Layihənin əsas məqsədi Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən "SOCAR Polymer" kompleksinin etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla dayanıqlı təminatını həyata keçirmək olub.

Bildirilib ki, istehsal üçün istifadə olunan xammal birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan daxil olur. Bu baxımdan Etilen-Polietilen zavodu xam neftin hasilatından polimer istehsalına qədər uzanan SOCAR-ın vahid dəyər zəncirinin mühüm həlqələrindən biri hesab olunur.

Modernizasiya layihəsi çərçivəsində yeni anbarlar, hidrogenin zənginləşdirilməsi qurğusu, propan-propilen fraksiyaları qurğuları, dörd yeni piroliz sobası, M-4 turbokompressoru, selektiv hidrogenləşmə reaktorları, müxtəlif nasoslar və digər avadanlıqlar istismara verilib. 2020-ci ildə aparılan əsaslı təmir zamanı yeni qurğu və avadanlıqlar mövcud "EP-300" qurğusuna inteqrasiya edilib və müəssisənin yüksək məhsuldarlıqla fəaliyyəti təmin olunub.

Nəticədə gündəlik xammal emalının həcmi orta hesabla 2 500 tona çatdırılıb. Etilen üzrə gündəlik istehsal 630 ton, propilen üzrə isə 550 ton təşkil edib. Aparılan yenidənqurma işlərindən sonra əsas məhsullar üzrə faktiki istehsal həcmləri ümumilikdə iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artıb.

Mediatur zamanı bildirilib ki, "Azərkimya" İB-də 2026-cı ildə istehsal gücündən istifadə səviyyəsinin 85 faizdən çox olması gözlənilir. Müəssisə 2025-ci ildə istehsal gücündən 86 faiz istifadə edib.

Müəssisədə ekoloji layihələrin də həyata keçirildiyi vurğulanıb. Əsas hədəflərdən biri istehsal prosesində yaranan karbon qazının (CO₂) tutulması və təkrar xammal kimi istifadəsidir. Tutulan CO₂-nin karbamid zavoduna yönəldilməsi nəzərdə tutulur.

Bildirilib ki, normal əməliyyat rejimində məşəl sistemində yalnız texnoloji təhlükəsizlik üçün zəruri qazlar yandırılır, emissiyalar isə xüsusi monitorinq sistemləri vasitəsilə izlənilir. Həmçinin "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında yaranan təsirsiz püskürmə qazları təkrar istifadə olunur. Bunun üçün "Azərkimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometrlik boru xətti vasitəsilə qazlar yenidən istehsalata qaytarılır.

Mediatur çərçivəsində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli bildirib ki, müəssisədə cihazlaşdırma və avtomatlaşdırma layihəsinin mühəndislik mərhələsi artıq 98 faiz tamamlanıb.

"Növbəti ildən etibarən sahədə fiziki quraşdırma və təmir-tikinti işlərinə başlanılacaq. Layihə başa çatdıqdan sonra zavodun idarəetmə sistemləri tam avtomatlaşdırılacaq, əməliyyatların təhlükəsizliyi və etibarlılığı daha da yüksələcək", – deyə E.Məmmədli qeyd edib.

Onun sözlərinə görə, "Azərkimya" Neft Emalı Zavodu ilə "SOCAR Polymer" arasında mühüm əlaqələndirici rol oynayır və daxil olan yüngül fraksiyaları emal edərək polimer istehsalı üçün əsas xammal təmin edir.

Baş direktor həmçinin bildirib ki, texniki təkmilləşdirmələr nəticəsində əsaslı təmir işlərinin intervalı hər ildən iki ildə bir dəfəyə qədər artırılıb ki, bu da xərclərin optimallaşdırılmasına imkan yaradıb.

Qeyd olunub ki, hazırda zavodda 1 900 nəfər çalışır. Müəssisədə illik 190 min ton etilen, 187 min ton propilen və 120 min ton polietilen istehsal edilir. "Polimir-120" qurğusunda aşağı sıxlıqlı polietilen (LDPE) istehsalı həyata keçirilir. Enerji təsərrüfatının istehsal gücü isə saatda 480 ton buxar və 68 MVt elektrik enerjisi təşkil edir.

Daha sonra media nümayəndələri zavodun istehsalat sahələri ilə tanış olublar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti