Bakı. Trend:
Tibbdə geniş yayılmış “iki nəfər üçün yemək” yanaşması artıq elmi əsasını itirib.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva
açıqlayıb.
Onun sözlərinə görə, hamiləlik zamanı əsas prinsip qida miqdarını
artırmaq deyil, qidanın keyfiyyəti və balansını düzgün qurmaqdır:
“İlk trimestrdə qadının enerji tələbatı əhəmiyyətli dərəcədə
dəyişmir. İkinci və üçüncü trimestrlərdə isə gündəlik rasiona əlavə
olaraq 300–450 kilokalori artırmaq kifayət edir. Zülallar hüceyrə
quruculuğunun əsasını təşkil edir. Bu səbəbdən hamilə qadının
rasionunda yağsız ət, balıq, yumurta, kəsmik və paxlalılar kimi
zülalla zəngin qidalara üstünlük verilməlidir. Balıq həftədə 1–2
dəfə qəbul edilə bilər, lakin civə tərkibi yüksək olan yırtıcı
balıqlardan, məsələn, köpəkbalığı və kral skumbriyası kimi
növlərdən uzaq durmaq tövsiyə olunur”.
R.İsayeva bildirib ki, mürəkkəb karbohidratlar enerji balansının
qorunmasına və qan şəkərinin kəskin dəyişməsinin qarşısının
alınmasına kömək edir: “Qarabaşaq, yulaf, tam buğda çörəyi və liflə
zəngin tərəvəzlər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və
qəbizlik riskini azaldır. Sağlam yağ mənbələri olan zeytun yağı,
çərəzlər və avokado isə dölün sinir sisteminin inkişafı üçün vacib
hesab olunur. Hamiləlik dövründə bəzi vitamin və mikroelementlər
xüsusi əhəmiyyət daşıyır. Fol turşusu (B9 vitamini) mayalanmadan ən
azı 1–3 ay əvvəl başlanmalı və hamiləliyin ilk 12 həftəsinə qədər
davam etdirilməlidir. Gündəlik 400 mikroqram fol turşusu qəbulu
döldə sinir borusu qüsurlarının yaranma riskini əhəmiyyətli
dərəcədə azaldır. Bütün bunlar həkim müayinəsindən sonra və həkim
tərəfindən təyin edilməlidir”.
Mama-ginekoloq qeyd edib ki, dəmir hamiləlik zamanı vacib elementlərdən biridir: “Qan həcmi 40–50 faiz artdığı üçün dəmir çatışmazlığı və anemiya riski yüksəlir. Dəmir preparatları yalnız hemoqlobin və ferritin göstəriciləri qiymətləndirildikdən sonra həkim tərəfindən təyin edilməlidir. D vitamini və kalsium dölün sümük və diş inkişafında, həmçinin ananın sümük sağlamlığının qorunmasında mühüm rol oynayır. Yod körpənin qalxanabənzər vəzisinin normal fəaliyyəti və zehni inkişafı üçün vacibdir. Omeqa-3 yağ turşuları, xüsusilə DHA isə dölün beyin strukturlarının və göz torlu qişasının formalaşmasında əvəzolunmazdır”.

