Bakı. Trend:
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Strasburqda avropalı deputatların qarşısında Avropa İttifaqının (Aİ) vəziyyəti ilə bağlı illik çıxışı zamanı Kanadaya Aİ-nin ilk “assosiativ üzvü” olmağı təklif edib. Bu açıqlama deputatlar tərəfindən uzun müddət alqışlarla qarşılanıb.
“Biz eyni okeanı, bir sıra dəyərləri və dünyaya eyni baxışı bölüşürük. İndi isə ümumi gələcəyimizi quracağıq”, - deyə Avropa İttifaqının icraedici hakimiyyətinin rəhbəri Kanadanın Baş naziri Mark Karniyə müraciət edib. Aİ-nin vəziyyəti ilə bağlı çıxışa dəvət olunan ilk xarici hökumət başçısı olan Kanada hökumətinin rəhbəri sabah plenar iclas zalında çıxış edəcək.
Qeyd edək ki, Aİ-nin dünyanın qalan hissəsi ilə münasibətlərini tənzimləyən müqavilələrdə “assosiativ üzv” statusu ilə bağlı hüquqi baxımdan müəyyən edilmiş heç bir müddəa yoxdur. Aİ-nin fəaliyyətinə dair müqavilənin 217-ci maddəsi konkret sahələr üzrə daha sıx əməkdaşlığa imkan verən assosiasiya sazişlərinin yaradılmasını nəzərdə tutur. Gürcüstan və Çili kimi ölkələr artıq belə sazişlərdən yararlanır. Digər bir imkan isə İslandiya və Norveç kimi ölkələrə Avropanın vahid bazarında iştirak etməyə imkan verən Avropa İqtisadi Məkanına qoşulmaqdır. Lakin bu status ölkələri Aİ qaydalarının böyük bir hissəsini qəbul etməyə məcbur edir və həmin qaydalara təsir imkanları vermir.
"Politico"nun məlumatına görə, Ursula fon der Lyayen bu elanı çıxışına son anda əlavə edib. O, yeni statusu necə təsəvvür etdiyini dəqiqləşdirməyib.
Digər ölkə ilə bağlı “assosiativ üzv” statusunun gündəmə gətirilməsi ilk dəfə deyil. May ayında Almaniya Ukraynaya belə bir statusun verilməsini təklif etmişdi ki, Kiyev səsvermə hüququna malik olmadan Aİ-nin bəzi nazirlər səviyyəsində keçirilən iclaslarında və sammitlərində iştirak edə bilsin. Bu təklif Avropa paytaxtlarını iki yerə bölmüş və tamhüquqlu Aİ üzvlüyü istəyini bir daha xatırladan Kiyevin narazılığına səbəb olmuşdu.
Ursula fon der Lyayen vurğulayıb ki, “Kanada ilə biz dünyaya eyni gözlərlə baxırıq: süni intellektdən iqlim dəyişikliyinə, Arktikadan geosiyasətə qədər”. O, Ottava və Brüsseli “ümumi gələcək qurmağa” çağırıb. “Tərəfdaşlıqlarımızı yenidən nəzərdən keçirmək təcili zərurətdir”, - deyə o əlavə edib. Mark Karni isə öz növbəsində Atlantikanın hər iki tərəfində “unikal ittifaqın” yaradılmasından danışıb.
Kanada ilə Aİ son illərdə əhəmiyyətli dərəcədə yaxınlaşıb. İki tərəf arasındakı ticarət dövriyyəsi 2016-cı ildən etibarən 80 faiz artıb. Buna, demək olar ki, bütün gömrük rüsumlarını aradan qaldıran azad ticarət sazişi - CETA-nın qüvvəyə minməsi imkan yaradıb. Bundan əlavə, bu il Kanada Aİ-yə üzv olmayan ölkələr arasında Avropanın yeni silahlanma proqramı olan SAFE-yə qoşulan ilk dövlət olub.