Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 4 il ərzində 3,5 milyard manat azalacaq

Energetika Xəbər 16 Sentyabr 2026 22:56 (UTC +04:00)
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 4 il ərzində 3,5 milyard manat azalacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin növbəti illərdə mərhələli şəkildə azaldılması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-ci il dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə yer alan “2027-ci il və növbəti üç il üzrə dövlət büdcəsinin parametrləri”nə əsasən, 2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat transfert proqnozlaşdırılır. Bu göstərici 2026-cı il üçün təsdiq olunmuş 12 milyard 835 milyon manat transfertlə müqayisədə 935 milyon manat azdır.

Proqnoza əsasən, ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcminin sonrakı illərdə də azalması gözlənilir. Belə ki, 2028-ci ildə transfertin 11 milyard 50 milyon manat, 2029-cu ildə 10 milyard 200 milyon manat, 2030-cu ildə isə 9 milyard 350 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

Beləliklə, 2026-cı il üçün təsdiq edilmiş göstərici ilə müqayisədə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 2030-cu ilədək 3 milyard 485 milyon manat, yaxud təxminən 27,2 faiz azalacaq.

Eyni zamanda, sənəddə dövlət büdcəsinin ümumi gəlirlərinin növbəti illərdə artacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirlərinin 2027-ci ildə 39 milyard 234 milyon manat, 2028-ci ildə 39 milyard 478 milyon manat, 2029-cu ildə 39 milyard 936,9 milyon manat, 2030-cu ildə isə 40 milyard 577 milyon manat olacağı gözlənilir.

Proqnozlara əsasən, dövlət büdcəsinin gəlirlərində neft-qaz gəlirlərinin və Dövlət Neft Fondundan transfertlərin azalması fonunda qeyri-neft-qaz gəlirlərinin həcminin artması nəzərdə tutulur. Qeyri-neft-qaz gəlirlərinin 2027-ci ildə 23 milyard 754 milyon manat, 2028-ci ildə 25 milyard 288 milyon manat, 2029-cu ildə 26 milyard 726,9 milyon manat, 2030-cu ildə isə 28 milyard 337 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, dövlət büdcəsinin xərclərinin 2027-ci ildə 42 milyard 400 milyon manat, 2028-ci ildə 42 milyard 820 milyon manat, 2029-cu ildə 43 milyard 491 milyon manat, 2030-cu ildə isə 44 milyard 236,5 milyon manat olacağı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti