Bakı. Trend:
Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəflərdən biridir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, söhbət yalnız daha çox məhsul istehsalından deyil, daha yüksək əlavə dəyərə malik mal və xidmətlərin yaradılmasından gedir.
“Bizim əsas hədəfimiz və ambisiyamız Azərbaycan iqtisadiyyatının mürəkkəbliyini artırmaqdır. Bu, sadə dildə desək, yalnız daha çox məhsul istehsal etmək deyil, daha yüksək əlavə dəyərə malik mal və xidmətlər yaratmaq deməkdir”, - deyə M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün istedad, texnologiya və ekosistemin birgə inteqrasiyası mühüm əhəmiyyət daşıyır.
“Lazımi siyasət və əlverişli mühit təmin edildikdə, insan kapitalı prosesin tam mərkəzində dayanır. Bu gün savadsızlıq və ya səriştəli əməkdaş anlayışları da tamamilə yeni məzmun kəsb edir”, - nazir əlavə edib.
M.Cabbarov qeyd edib ki, müasir iqtisadiyyatda insanlar yalnız iş axtaran şəxslər deyil, eyni zamanda yeni iş yerləri yaradan şəxslərdir.
“Baku ID” fəlsəfəsinin və festivalın beş illik yubileyinin əsas mahiyyətinin də məhz bundan ibarət olduğunu vurğulayan nazir layihənin həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkür edib.
O bildirib ki, Azərbaycan Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində də mühüm təcrübə əldə edib.
“Bir neçə il əvvəl Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzinin (4SIM) ofisi təsis edildi. Şəxsən mən də İş Yerləri Akseleratoru (Job Accelerator) çərçivəsində fəaliyyətdə iştirak etməkdən qürur duyuram”, - deyə M.Cabbarov bildirib.
Nazir əmək bazarında texnoloji transformasiyanın sürətləndiyini və süni intellektin bu prosesdə mühüm rol oynadığını qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilədək əsas məqsədlərindən biri texnologiya yaradanlarla yanaşı, həmin texnologiyaları yüksək keyfiyyətlə mənimsəyən və tətbiq edən tərəf olmaqdır.
M.Cabbarov “Gələcəyin Peşələri” (Future of Jobs) hesabatında əks olunan göstəricilərin növbəti illərdə əmək bazarında baş verəcək dəyişikliklərin istiqamətini göstərdiyini bildirib.
“Texnologiyanın müdaxiləsi olmadan, yalnız insan əməyinə əsaslanan işlərin payının azalacağı, insan və texnologiyanın birgə fəaliyyət göstərdiyi işlərin isə artacağı gözlənilir. Eyni zamanda, yalnız texnologiya və süni intellekt tərəfindən həyata keçirilən avtomatlaşdırılmış proseslərin də payı artacaq”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, bu tendensiyalar gələcəyin əmək bazarının insan amili ilə texnologiyanın birgə fəaliyyətinə əsaslanacağını göstərir.
M.Cabbarov çıxışının əvvəlində layihənin yalnız fiziki infrastruktur olmadığını, iqtisadi aktyorların, təhsil ekosisteminin, innovatorların, maliyyə və icma nümayəndələrinin bir araya gəldiyi platforma olduğunu bildirib.
“Biz bu məkanı sadəcə fiziki bir infrastruktur kimi deyil, uzun müddətdir ehtiyac duyulan iqtisadi aktyorların, təhsil ekosisteminin, innovatorların və maliyyələşmədən icmaya qədər ekosistem üçün mühüm olan hər kəsin bir araya gəldiyi bir nöqtə kimi görürük”, - deyə nazir bildirib.
