Maliyyə institutlarında əməliyyatların məbləği 40 % artdıqda qiymətləndirmə aparılacaq

İqtisadiyyat Sənəd 17 Sentyabr 2026 11:00 (UTC +04:00)
Maliyyə institutlarında əməliyyatların məbləği 40 % artdıqda qiymətləndirmə aparılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə institutlarında əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların məbləği 40 faiz və ya daha çox artdıqda təkrar qiymətləndirmə aparılacaq.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Mərkəzi Bank “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş maliyyə institutlarına və onların daxil olduğu maliyyə qruplarına münasibətdə həmin qanunda və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirəcək.

Mərkəzi Bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə riayət edilməməsi risklərini dövri olaraq qiymətləndirəcək, eləcə də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 (qırx) faiz və ya daha çox artım olduqda) qiymətləndirməni təkrar həyata keçirəcək.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunlardan irəli gələn nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə maliyyə institutlarından və ya maliyyə qruplarından sənəd və məlumatları tələb etmək hüququna malik olacaq.

Mərkəzi Bank tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə alınmaqla müəyyən ediləcək:

  • maliyyə institutlarının və ya maliyyə qruplarının risk profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və prosedurları;
  • ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri;
  • maliyyə institutlarının və (və ya) maliyyə qruplarının xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, Mərkəzi Bank maliyyə institutlarına münasibətdə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunlarda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir. Maliyyə institutları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunlardan irəli gələn tələblərə əməl etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti