Məhsuldarlığın artırılmasının əsas açarı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir - Nazir

İqtisadiyyat Xəbər 17 Sentyabr 2026 11:14 (UTC +04:00)
Məhsuldarlığın artırılmasının əsas açarı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Məhsuldarlığın artırılması və əlverişli biznes mühitinin yaradılmasının əsas açarlarından biri dövlət-özəl tərəfdaşlığının (PPP) gücləndirilməsidir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan inkişafın mühüm mərhələlərindən birini tamamlayıb və ölkədə zəruri makroiqtisadi və makromaliyyə sabitliyi, suveren ehtiyatlar, eləcə də gələcək iqtisadi istiqamətin proqnozlaşdırılması üçün əsaslar formalaşıb.

“Bu da bizə keyfiyyət göstəricilərimizdən faydalanmaq imkanı verir”, - deyə M.Cabbarov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın təbii olaraq aid olduğu Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun kapitalizasiya imkanları getdikcə artır.

“Regionun kapitalizasiya imkanları getdikcə artır. Müstəqilliyin bərpasından bu yana bölgə ilk dəfə olaraq münaqişələrdən azaddır. Qlobal və regional böhranlar fonunda Azərbaycan yurisdiksiyasının nümayiş etdirdiyi güclü dayanıqlılıq da əsas üstünlüklərdəndir”, - nazir bildirib.

M.Cabbarov dövlətin həyata keçirdiyi dəstəkləyici siyasətin idarəetmədə özəl sektorun roluna daha çox diqqət yetirilməsini tələb etdiyini vurğulayıb.

“Etiraf etməliyik ki, dövlət bəzən proseslərdə ləng hərəkət edən bir struktura çevrilə bilir. Niyyət çox yaxşı olsa belə, qərarların qəbul edilməsi, yoxlanılması, məsuliyyətin bölüşdürülməsi və qərarvermə prosesləri daha çox vaxt aparır. Biz çox vaxt birillik qısa dövrlərlə düşünürük”, - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, məhsuldarlığın artırılması və əlverişli biznes mühitinin yaradılmasının əsas açarlarından biri dövlət-özəl tərəfdaşlığının (PPP) gücləndirilməsidir.

“Burada söhbət təkcə klassik infrastruktur layihələrindən getmir. Məhz bu gün şahidi olduğumuz format nəzərdə tutulur. Bu cür imkanlar və məzmun dövlətin düzgün siyasəti, özəl sektorun təşəbbüskarlığı, investisiyası və idarəetmə təcrübəsi olmadan ərsəyə gələ bilməzdi”, - M.Cabbarov deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti