Bakı.Trend:
2026-cı ilin avqust ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 15,112 milyon barel neft nəql olunub.
Müqayisə üçün, 2025-ci ilin avqust ayında bu göstərici 16,694 milyon barel təşkil edib.
Trend-in Türkiyənin BOTAŞ şirkətinin məlumatları əsasında apardığı hesablamalara görə, nəql olunan neftin həcmi təxminən 9,5% azalıb.
2026-cı ilin iyul ayı ilə müqayisədə (15,847 milyon barel) nəql həcmi 4,6% azalıb. İlin əvvəlindən ən aşağı nəql həcmi fevral ayında – 14,817 milyon barel, ən yüksək göstərici isə aprel ayında – 16,658 milyon barel qeydə alınıb.
2026-cı ilin yanvar-avqust aylarında BTC ilə Türkiyə ərazisindən 127,893 milyon barel neft nəql olunub.
Qeyd edək ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisi ilə 206,434 milyon barel neft nəql olunub. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil edib. Beləliklə, nəql həcmi 7,9% azalıb.
Onu da əlavə edək ki, BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
İyulun 1-də “Bakı-Tbilisi-Ceyhan” (BTC Co.) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC, BTÇ) neft kəmərinin operatoru funksiyalarının "BP Exploration" (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR "Midstream Operations" (SMO) MMC-yə keçdiyini elan edib.
Təhvil verilmiş operator funksiyaları BTC neft kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşən hər üç hissəsini əhatə edir. Bundan əlavə, BTC kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə olunması, eləcə də bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə həyata keçirdiyi ümumi əməliyyatlarla bağlı operator funksiyaları da SMO-ya keçib.
Operator funksiyalarının ötürülməsi BTC layihəsi üzrə əsas razılaşmalar paketinin tərkib hissəsi olan və yekun investisiya qərarı çərçivəsində qəbul edilmiş müvafiq sazişlər əsasında həyata keçirilib. Bu dəyişiklik üç ölkədə BTC-nin ayrı-ayrı obyektlərini və fəaliyyət istiqamətlərinin hamısını, Səngəçal terminalının ərazisində yerləşən obyektlər və BTC/CQBK üzrə ümumi əməliyyatlar istisna olmaqla, əhatə edir.
Bununla belə, Səngəçal terminalının operatoru dəyişməz olaraq qalır – bp bu funksiyaları yerinə yetirməyə davam edəcək. Həmçinin BTC Co. şirkətinin səhmdar strukturu da dəyişməz olaraq qalır.
