Bakı.Trend:
Biz süni intellekti (Sİ) texnologiya təşəbbüsündən daha çox istedad və insan təşəbbüsü kimi qiymətləndiririk.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri "PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açlış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, texnologiya sadəcə imkan yaradan bir vasitədir. İnsan və texnologiya isə bu şirkətlər üçün həqiqətən mühüm və dəyərlidir.
“Biz bu barədə üç müstəvidə düşünürük. Bu gün biliyə çıxış imkanı demək olar ki, sıfır xərcdir. Lakin bu biliyi qazanmaq, qeyd edildiyi kimi, mühakimə yürütmək və bu məlumatlara, biliklərə əsaslanaraq qiymətləndirmə aparmaq insan inkişafına və insanların təliminə böyük sərmayə tələb edir.
İkincisi, məhsuldarlıqdır. Biz istəyirik ki, insanlar gündəlik kiçik, rutin tapşırıqlardan dəyər qatmayan, yeni yollar və ya yeni iş metodları yaratmayan işlərdən azad olsunlar. Bizim üçün Si və rəqəmsallaşma insanların rutin tapşırıqlardan azad olmasına və diqqətlərini dəyər yaradan, daha çox mühakimə tələb edən şeylərə cəmləməsinə xidmət edir.
Üçüncüsü isə insanlar məhsuldar olduqdan sonra onların innovasiya yaratmaq qabiliyyəti və ehtimalı daha yüksək olur. Bu, həm proseslərdəki addım-addım innovasiyadır, həm də yeni biznes istiqamətlərinin, yeni kanalların icad edilməsidir”,- deyə o bildirib.
F.Məmmədov əlavə edib ki, innovasiyaya doğru gedilməsə və məhsuldarlıq, yəni ikinci addımda dayanılsa bu, ən yaxşı halda sadəcə xərclərin azaldılması və optimallaşdırma tədbiri olar.
Qeyd edək ki, Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə sentyabrın 17-18-də “Baku ID 2026” innovasiya festivalı keçirilir.
“Baku ID” investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirib. Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçirilir. Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İkigünlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxildir. Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edəcəklər.
