Bakı. Trend:
Milli Məclisin bir qrup deputatı Rusiyada Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər.
Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini izləyəcəklər.
Xatırladaq ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən -20-nə kimi keçiriləcək. Parlament seçkilərində Dövlət Dumasının bütün 450 deputat mandatı uğrunda mübarizə aparılacaq. Deputatlar beş il müddətinə seçiləcəklər.
