Bakı. Trend:
Son 10 ildə Azərbaycanın təhsil sistemində həyata keçirilən yeniliklər təhsilin inkişafına xidmət edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda STEAM layihəsinə başlanarkən bəlkə də cəmi 50 məktəb və bir neçə min şagird əhatə olunurdu, hazırda isə 300 mindən çox şagird haqqında danışılır.
“Bu, kiçik addımlarla başlayıb daha sonra böyüyən bir prosesdir. Lakin eyni zamanda son PISA nəticələrimiz harada olduğumuzu göstərən çox yaxşı bir güzgüdür. Xüsusilə riyaziyyat üzrə kifayət qədər yaxşı nəticələr göstərdiyimiz sahələrdən biridir”, - deyə o əlavə edib.
Rəqəmsal bacarıqlardan danışan nazir bildirib ki, bir çox sistemlər imkanları mərhələli şəkildə qurmaq əvəzinə, müəyyən trendlərə uyğunlaşmağa və onları izləməyə çalışırlar.
“Bünövrə çox vacibdir. Əgər çox yaxşı ibtidai təhsil sisteminiz yoxdursa və "mən birbaşa rəqəmsal bacarıqlara keçəcəyəm" deyirsinizsə, bu, problem yarada bilər.
Məhz rəqəmsal savadlılıq və bu sahənin rəqəmsal tərəfi haqqında danışsaq, düşünürəm ki, burada etdiyimiz əsas məsələ strateji yanaşmamızı qorumaqdır. Biz iki istiqamətli yanaşmadan istifadə edirik. Bir tərəfdən “Rəqəmsal Bacarıqlar” təşəbbüsü ilə tədris proqramını dəyişdirir, müəllimləri təlimlərə cəlb edir, sistemə çoxlu avadanlıq və qurğular gətiririk. Digər tərəfdən isə xaricdə təhsillə bağlı təşəbbüslərimiz var. Hər il 300-dən çox gənc azərbaycanlını kibertəhlükəsizlik, İT və digər istiqamətlər üzrə dünyanın aparıcı universitetlərinə təhsil almağa göndəririk.
Bu, kiçik rəqəm kimi görünə bilər, amma 5-8-10 illik dövrə baxsaq, minlərlə insan deməkdir. Onların hər biri böyük təsir yarada, başqaları üçün nümunə ola və gələcəkdə dərs deməyə başlaya bilər”, - E. Əmrullayev vurğulayıb.
Qeyd edək ki, Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə sentyabrın 17-18-də “Baku ID 2026” innovasiya festivalı keçirilir.
“Baku ID” investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirib. Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçirilir. Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İkigünlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxildir. Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz
həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan,
Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları
təmsil edən investorlar qarşısında təqdim edəcəklər.
