Bakı. Trend:
Gələcəyin əmək bazarına hazırlıq yalnız texniki bacarıqların öyrədilməsi ilə məhdudlaşmamalıdır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə akademiya və universitetlərlə sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
“Bu prosesdə ilk addım müxtəlif bacarıqları öyrədə və ötürə biləcək müəllimlərin, mütəxəssislərin və mentorların olmasıdır. Məsələ yalnız nəyisə etmək deyil, həm də fəaliyyət göstərmək, baş verənlərə reaksiya vermək və proaktiv davranmaq qabiliyyətinə malik olmaqdır”, - deyə R.Nəcəf qeyd edib.
SOCAR prezidenti şirkətlərin bu istiqamətdə qarşıya qoyulan
vəzifələri təkbaşına həll edə bilməyəcəyini vurğulayıb.
“Məhz buna görə də bizim Elm və Təhsil Nazirliyi, müxtəlif
innovasiya və startap mərkəzləri, eləcə də analitik mərkəzlərlə
(think tank) çox yaxşı əməkdaşlığımız var”, - o bildirib.
R.Nəcəfin sözlərinə görə, gələcəyin əmək bazarına hazırlıq yalnız texniki bacarıqların öyrədilməsi ilə məhdudlaşmamalıdır.
“Peşə məktəblərində müəyyən texniki bacarıqları öyrətmək mümkündür, lakin bu kifayət etmir. Texniki (hard skills) bacarıqlarla yanaşı, şəxsi və sosial (soft skills) bacarıqların da tədris olunmasına böyük ehtiyac var”, - deyə SOCAR prezidenti əlavə edib.
Qeyd edək ki, Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə sentyabrın 17-18-də “Baku ID 2026” innovasiya festivalı keçirilir.
“Baku ID” investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirib. Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçirilir. Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İkigünlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxildir. Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edəcəklər.
