Nadir xəstəliklərin idarə olunması üçün yeni dövlət proqramları hazırlana bilər – Soltan Məmmədov

Cəmiyyət Xəbər 17 Sentyabr 2026 15:31 (UTC +04:00)
Nadir xəstəliklərin idarə olunması üçün yeni dövlət proqramları hazırlana bilər – Soltan Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nadir xəstəliklərin, o cümlədən autizmin müalicəsi və idarə olunması ilə bağlı yeni dövlət proqramları hazırlanmalı, mövcud dövlət proqramları isə icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil edilməlidir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Maliyyə Nazirliyinin məlumatına görə, gələn ilin dövlət büdcəsində səhiyyə xərclərinin artırılması gözlənilir.

O qeyd edib ki, dövlət proqramlarının icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil edilməsi mühüm əhəmiyyət daşıyır.

“Biz komitə olaraq hər zaman bu məsələləri qaldırmışıq və keçən il, demək olar ki, mövcud dövlət proqramlarının yarısından çoxu artıq xidmətlər zərfinə daxil edilmişdi”, - deyə Soltan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu payız sessiyasında dövlət büdcəsinin müzakirəsi zamanı təklif etdiyi məsələlərdən biri uşaqlar arasında hələ də mövcud olan nadir xəstəliklərlə bağlıdır.

Deputat qeyd edib ki, bir sıra digər xəstəliklər də var ki, hazırda xidmətlər zərfinə daxil deyil. Onun fikrincə, müəyyən yeni dövlət proqramları çərçivəsində həmin məsələlərin həllinə nail olmaq məqsədəuyğun olardı.

Soltan Məmmədov bildirib ki, vaxtilə yaradılmış dövlət proqramlarının məqsədi talassemiya və digər xəstəliklərlə bağlı problemlərə diqqəti artırmaq və əlavə büdcə vəsaiti hesabına onların həllinə nail olmaq olub.

“Bu gün autizmlə bağlı problemlər var və yaxşı olardı ki, bu məsələyə də diqqəti artıraq”, - deyə deputat vurğulayıb.

O hesab edir ki, illər ərzində uğurla həyata keçirilmiş böyük dövlət proqramlarının xidmətlər zərfinə daxil edilməsi ilə yanaşı, bir sıra nadir xəstəliklərin idarə olunması üçün yeni dövlət proqramlarının hazırlanması da nəzərdən keçirilə bilər.

Soltan Məmmədov vərəmlə bağlı müzakirələrin və dinləmənin keçirilməsinin də mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Səhiyyə Nazirliyi bu il vərəmlə mübarizə üzrə növbəti strategiyanı hazırlayıb və təsdiq üçün aidiyyəti üzrə təqdim edəcək.

Deputatın sözlərinə görə, bu mərhələdə vərəmlə bağlı məsələlərin müzakirəsi, indiyədək dövlət proqramı çərçivəsində maliyyələşdirilən vərəm xəstəliyinin bundan sonra icbari tibbi sığortanın bir hissəsi kimi inteqrasiya olunması, yeni strategiyanın qəbul edilməsi və sonrakı fəaliyyət baxımından əhəmiyyətlidir.

“Bu məsələnin müzakirəsi vərəmin bundan sonra icbari tibbi sığortanın bir hissəsi olaraq inteqrasiya olunması, yeni strategiyanın qəbul edilməsi və bundan sonrakı fəaliyyət baxımından çox önəmlidir”, - deyə Soltan Məmmədov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti