"SABAH.HUB" Azərbaycanın innovasiya ekosisteminin inkişafına ciddi töhfə verəcək - Soltan Bayramov (ÖZƏL)

İqtisadiyyat Xəbər 17 Sentyabr 2026 12:20 (UTC +04:00)
"SABAH.HUB" Azərbaycanın innovasiya ekosisteminin inkişafına ciddi töhfə verəcək - Soltan Bayramov (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"SABAH.HUB" İnnovasiya Mərkəzi Azərbaycanda innovasiya ekosisteminin inkişafına ciddi töhfə verəcək.

Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Kommunikasiyası Mərkəzinin ("4SIM") icraçı direktorunun müavini Soltan Bayramov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalı çəçivəsində Trend-ə özəl açıqlamasında bildirib.

Onun sözlərinə görə, "SABAH.HUB"In əsas üstünlüyü yalnız müasir bina və infrastruktura malik olması ilə məhdudlaşmır.

"Bu mərkəzin əsas məqsədi innovasiya ekosisteminin müxtəlif oyunçularını – özəl sektor, tədqiqat mərkəzləri, universitetlərin filialları və digər tərəfləri bir araya gətirərək onların əməkdaşlıq imkanlarını genişləndirmək və maksimum dəyər əldə etmələrinə şərait yaratmaqdır. Bu şəhərcik ekosistemin əsas komponentlərini vahid məkanda birləşdirir, əlçatanlığı artırır, ünsiyyət və əməkdaşlıq imkanlarını genişləndirir", – deyə S.Bayramov qeyd edib.

O bildirib ki, "SABAH.HUB"In inkişafı növbəti mərhələlərdə də davam etdiriləcək.

"Bu, hələ birinci fazadır. Növbəti illərdə daha üç fazanın tikilməsi və məkanın genişləndirilməsi nəzərdə tutulur. Ümid edirəm ki, həm dövlətin, həm də özəl sektorun töhfələri ilə bu məkan öz strateji məqsədlərinə uğurla çatacaq", – deyə o əlavə edib.

S.Bayramov "SABAH.HUB"ın startaplar üçün yaratdığı imkanlardan da danışıb.

"Startaplar üçün burada bütün şərait yaradılıb. Onların özlərini və məhsullarını inkişaf etdirmələri üçün münbit mühit, eyni təfəkkürdə olan tərəfdaşlar və müasir trendlərə uyğun iş məkanları mövcuddur. Bura klassik ofis anlayışından fərqlənir. Mərkəzdə kofe guşələri, kafelər, futbol meydançaları və əyləncə zonaları da var", – deyə 4SIM rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, yaradılan mühit startapların inkişafı və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlar yaradır.

"Bir sözlə, bu məkanda startapların inkişaf etməməsi üçün heç bir bəhanəsi qalmır", – deyə S.Bayramov bildirib.

Qeyd edək ki, "SABAH.HUB" Azərbaycanın innovasiya və texnologiya ekosistemində fəaliyyət göstərən aparıcı inkubasiya, akselerasiya və innovasiya mərkəzidir. Mərkəzin əsas məqsədi startapları, innovativ layihələri və gənc sahibkarları dəstəkləmək, onların inkişafına şərait yaratmaq və ölkədə innovasiya mədəniyyətini təşviq etməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti